Səhər saat 10-da artıq Füzuli rayonunun Horadiz postundan istiqamət götürüb, Xocavənd rayonunun Tuğ kəndinə yola düşürük. Bu, mənim Tuğa ikinci səfərimdir. Daha əvvəl fevralın 11-də olmuşdum bu gözəl diyarda. Həmin vaxt güllər yeni-yeni çiçək açırdı. Tuğdan Bakıya qayıdanda oradakı gözəlliklərdən hər kəsə dayanmadan danışırdım. Nə yalan deyim, ora üçün tez-tez darıxırdım, bu barədə dostlarıma da demişəm. Sanki Tuğda doğulub boya-başa çatmışam. İşdə “Tuğa yenə səfər var” deyiləndə, fikirləşmədən “gedirəm” dedim.
Füzulinin azad edilmiş ərazisinə daxil oluruq, yolboyu ətrafa baxa-baxa gedirəm. Hava günəşli, bir az da istidir. Əsl yaz havasıdır. Hər tərəf gül-çiçəkdir, al rəngli lalələr sanki bizi salamlayır. Yaşıl otların, sarı çiçəklərin arasında lalələrin rəngi daha çox seçilir. Biz az qabaqda Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimizin darmadağın etdiyi ermənilərin hərbi texnikalarını ötüb keçirik. Yolda gedə-gedə məhv edilmiş maşınları görəndə qürürlanıram və bizə bu günləri yaşatdıqları üçün igidlərimizə təşəkkür edirəm. Canlarından keçən əsgər və zabitlərimizə dualar oxuyur, Allahdan rəhmət diləyirəm. Keçmiş təmas xəttini, bir neçə dağıdılmış erməni postlarını, düşmənin 30 ilə yaxın işğalda saxladığı ərazilərdəki məhv edilmiş evləri, soydaşlarımıza məxsus qəbiristanlıqları ötüb keçirik. Ermənilər digər rayonlarımızdakı kimi, Füzulidə də daş üstündə daş qoymayıblar. İllərdir dağıdılmış vəziyyətdə olan evlərin içərisində indi ağaclar çıxıb, oranı kol-kos basıb. Ərazilər də minalanıb...
Füzulidən keçib Xocavənd rayonunun ərazisinə daxil oluruq. Uzaqdan Tuğ kəndinin dağların arasından, yaşıllıqlar içərisindən boylanan evlərini görürəm. Tez bir zamanda kəndə çatmaq, təmiz havasını sinəmə çəkmək istəyirəm. Kəndin havası o qədər təmizdir ki, onu sözlə ifadə etmək mümkün deyil. Gərək ora gedib, bunu yaşayasan.
Dağılmış evlərin, məhv edilmiş tarixi abidələrin arasından keçən yolla gəlib kəndə çatırıq. Maşından düşən kimi, ilk sözüm “mən yenə gəldim” olur və bu füsunkar məkanın təmiz havasını sinəmə çəkirəm. Kəndin yuxarı hissəsinə iri addımlarla qalxıram, Alban məbədinə tərəf gedirəm…
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icma üzvləri də bizimlə birgə Tuğda səfərdədirlər. Onlar 180 ildən sonra yenədən Tuğa gəlirlər və XII-XIII əsrlərə aid Yohan Alban xristian kilsəsini ilk dəfə ziyarət edirlər. Dini icma Alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayin icra edir, dualar oxuyur, ibadət edərək şamlar yandırırlar.
Ermənilərin Tuğdakı saxtakarlıqları barədə daha əvvəlki səfərim zamanı hazırladığım reportajda qeyd etmişdim.
Tuğ kəndi 1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 9-u isə Azərbaycanın şanlı Ordusu tərəfindən işğaldan azad olunub.
Kənd Xocəvənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400-1500 m yüksəklikdə yerləşir. İşğala qədər kənd əhalisi əsasən, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olub. Kənddə 125 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana yerləşirdi. Tuğ kəndinin Məlikyeqanovlar, Məlikaslanovlar, Cahangirlilər, Mehdibəylilər, Aslanbəylilər, Gülməmədlilər, Talıbxanlılar, Budaqlılar, Səlimbəylilər, Cəfərlilər, Vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri var. Azərbaycanda və dünyada məşhur olan Azıx mağarası və Tağlar mağarası Tuğ kəndi yaxınlığındadır.
İşğaldan sonra düşmən yenə də saxtakarlıqlara əl atıblar. İyrənc əməllərindən əl çəkməyən ermənilər qədim alban kilsəsini "özününküləşdiriblər". Hətta saxta görüntü yaratmaq üçün məbədin ərazisinə qəbir daşları da yerləşdirib, öz yazılarını oraya əlavə ediblər.
Alban-Udi xristian dini icmasının sədri Robert Mobili ilə söhbət edən zaman bildirir ki, hər dəfə işğaldan azad edilən ərazilərə gələndə erməni vəhşiliyi, ermənilərin Alban məbədlərində etdiyi dəyişiklikləri, saxtakarlıqlarının şahidi olurlar. O deyir ki, ermənilər burada İslamla bağlı olan tarixi, mədəni abidələri, ümumiyyətlə, siliblər, hətta Alban kilsələrini də dağıdıb, ya da saxtalaşdırıblar.
Bu gün mən də Tuğda tarixi ədalətin bərpa olunduğuna, ilk dəfə Alban-Udi xristian dini icma üzvlərinin dini ayin icra etdiklərinə şahid oluram. Öz kilsələrinə illər sonra qovuşduqları üçün icma üzvləri çox sevinirlər. Necə xoşbəxt olduqlarını üzlərinə qonan sevincdən görməmək mümkün deyil. Onlar bu günü Alban-Udi xristian dini icma üzvlərinə yaşatdıqları üçün şəhidlərimizi yada salır və canlarından keçən qəhrəmanlarımız üçün dualar edirlər.
Təmiz havası, gözəl mənzərəsi olan Tuğun sərin bulaq suyundan da içməmiş geri qayıtmaq günah olardı. Kəndin yuxarı hissəsində yerləşən, dağlardan, daşların arasından süzülə-süzülə gələn, göz yaşı kimi tərtəmiz olan “Orta bulaq” tərəfə istiqamət götürürəm. İlk dəfə məni “Orta bulağ”a, fevral ayında bura gələndə Tuğ sakini Nizami dayı gətirmişdi. Həmin vaxt bulağa gedən yolu yadımda saxlamışdım. Evlərin arasından, dar cığırlarla addımlaya-addımlaya bulağı gəlib tapıram. Bumbuz suyundan içir, bir daha şəhidlərimizi yada salır, onlara dualar oxuyuram.
Günortadan sonra Tuğdan ayrılır, Bakıya tərəf istiqamət alırıq. Lakin kənddə qalmaq, buradan heç ayrılmaq istəmirəm. Doğma olan Tuğla sağollaşır, yenidən bura səfər edəcəyim ümidi ilə ayrılıram…