Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 19-da ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanları keçirəcək. Ali məktəb tələbəsi olmağı arzulayanlar biliklərini yoxlamaq üçün 40 manat ödəməlidirlər. III ixtisas qrupuna hazırlaşan abituriyentlərin xərci isə daha çoxdur. Onlar coğrafiya fənni üzrə sınaq imtahanlarına qatılmaq üçün əlavə 15 manat xərcləməlidirlər.
Bəs 40 manata olan sınaq imtahanında abituriyentlərin iştirakı nə dərəcədə əlçatandır?
“Report” məsələ ilə bağlı araşdırma aparıb.
DİM mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, qurum publik hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşmir: “DİM Nizamnaməsinə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir. Sınaq imtahanındakı qiymətlər ötənilki ilə eynilik təşkil edir”.
Onun sözlərinə görə, imtahanlarda iştirak məbləği müəyyənləşdirilən zaman geniş araşdırma aparılır: “Ödəniş məbləğinin müəyyən edilməsi üçün DİM imtahanların təşkili, keçirilməsi, daşınma və mətbəə xərcləri, proqram təminatı, test bankının hazırlanması və zənginləşdirilməsi, imtahan nəzarətçiləri, rəhbərlər və digər kənardan dəvət olunan şəxslərə ödənilən əmək haqlarını ətraflı şəkildə araşdırır. İmtahanlarda iştirak üçün qiymət müəyyənləşən zaman isə bu faktorlar nəzərə alınır”.
Təhsil sahəsi üzrə ekspert Kamran Əsədov isə deyib ki, sınaq imtahanları üçün nəzərdə tutulan 40 manat şişirdilmiş qiymətdir və heç bir məntiqi əsası yoxdur: “Təbii ki, DİM hər bir sual kitabçasının hazırlanması üçün resurs sərf edir. Amma qoyulan qiymətin qətiyyən bununla əlaqəsi yoxdur. DİM imtahan nəzarətçiləri, rəhbərlər və digər kənardan dəvət olunan şəxslər üçün pul ödəyir, lakin suallar üçün hər il pul xərcləmir. Belə ki, suallar yenidən tərtib edilmir, test banklarında olan suallardan istifadə olunur. Ümumilikdə sual kitabçasına yalnız 5-6 yeni sual əlavə edilir. Biz dünya təcrübəsinə və özəl sektorun fəaliyyətinə baxsaq, kəskin fərqlərin olduğunu görə bilərik. Ona görə də hazırkı qiymətlər real və əlçatan deyil”.