Bakı. 21 aprel. REPORT.AZ/ Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki küçələrdən biri hələ də Rusiyada baş vermiş Böyük Oktyabr sosialist inqilabının adını daşıyır.
"Report" xəbər verir ki, SSRİ dövründə küçəyə Oktyabrın 70 illiyi adı verilib.
Azərbaycanın 27 ildir müstəqil olmasına baxmayaraq, küçənin adı dəyişdirilməyib.
Küçədə cəmi üç bina yerləşir. Amma bura yaşayış məskəninə çevriləndə 8-10 binanın tikilməsi nəzərdə tutulurmuş. Həmin binalarda isə Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində inşa edilməsi planlaşdırılan Atom Elektrik Stansiyasının (AES) tikintisində işləyəcək usta və fəhlələr yaşayacaqmış. Lakin 1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də baş verən güclü nüvə partlayışından sonra Azərbaycanda AES-in tikintisindən imtina olunub. Ona görə də Oktyabrın 70 illiyi adına küçədə əlavə binalar da inşa olunmayıb.
Sakinlərin sözlərinə görə, bir müddət əvvəl dövlət orqanları küçənin adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüblər. Amma orada yaşayanlar bununla razılaşmayıblar. Onlar qeydiyyat məsələlərində problemlə üzləşəcəklərindən ehtiyat ediblər. Bundan sonra isə məsələ ilə maraqlanan olmayıb.