Moskva. 22 dekabr. REPORT.AZ/ Moskvada, Xilaskar İsa Məsih kilsəsində Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovla vida mərasimi keçirilib.
“Report”un Rusiya bürosu xəbər verir ki, səfirlə ilk vida mərasimi Rusiya Xarici İşlər Nazirliyində keçirilib. Andrey Karlovun cənazəsi oradan kilsəyə aparılıb və Rusiya Patriarxı Kirillin rəhbərliyi ilə mərasimlə bağlı dualar oxunub.
Tədbirdə prezident Vladimir Putin, baş nazir Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, mərhumun ailə üzvləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. S.Lavrov mərasimdə nitq söyləyib.
A.Karlov ailəsinin istəyi ilə Moskva vilayətinin Ximki şəhərinin qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri A.Karlov dekabrın 19-da Ankarada "Səyahətçilərin gözü ilə Kalininqraddan Kamçatkaya Rusiya" adlı sərgidə qətlə yetirilib. Mövlud Mərt Altınbaş adlı polis əməkdaşı sərginin açılışında çıxış edən diplomatı güllələyib. Xəstəxanaya çatdırılan A.Karlovun həyatını xilas etmək mümkün olmayıb. Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində diplomatı güllələyən Mövlud Mərt Altınbaş öldürülüb.