Yuxarı

Mingəçevir Avropa Oyunlarına hazırlaşır - FOTOREPORTAJ

Kür Olimpiya Mərkəzi və Atletlər Kəndində lazımi qurğu və avadanlıqlar yerləşdirilir

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın Mingəçevir şəhərində I Avropa Oyunları çərçivəsində keçiriləcək kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarına hazırlıqlar son mərhələyə qədəm qoyub. "Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı əvvəlcə Oyunlar öncəsi test xarakterli Beynəlxalq Prezident Kuboku reqatasını izləyib.

Reqataya Azərbaycan, Gürcüstan və Türkiyənin 100-dən çox avarçəkəni qatılıb. Üç gün davam etmiş yarışda akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə müxtəlif yaş qruplarında 26 dəst medal sahibini tapıb. Azərbaycan avarçəkənləri 15 qızıl, 17 gümüş, 20 bürünc medal qazanıblar. Onların arasında Avropa Oyunlarında çıxış etməyə əsas namizədlərdən sayılan kanoeçi Valentin Demyanenko, Sergey Bezuqlıy, Aleksey Kupin, Taras Matviyçuk, eləcə də kayakçı İnna Osipenko-Radomska ilə Mirnazim Cavadovun çıxışları daha böyük maraq doğurub. Osipenko-Radomska kişi kanoeçilərlə eyni yürüşdə müsabiqədənkənar iştirak etsə də, Cavadov həm 1000 metr, həm 500 metr, həm də 200 metr məsafəyə yürüşdə qalib olub. Kanoeçilərdən Demyanenko 200 metr, Kupin 500 metr, Matviyçuk 1000 metr məsafəyə yürüşdə rəqiblərini üstələyib.

Prezident Kubokunu gənclər və idman naziri, "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov, eləcə də Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov da izləyib.

Reqata ilə paralel olaraq, "Kür" Olimpiya Mərkəzində Avropa Oyunlarına hazırlıq işləri də davam etdirilir. Artıq 1000 nəfərlik tribuna istifadəyə verilib. Oyunlar zamanı istifadə olunacaq yardımçı otaqlar və məsafəni qeydə alacaq hakimlərin oturacaqları hazırdır. Tezliklə start xətti qurğusu və yürüş nəticələrinin nümayiş olunacağı tablo da istifadəyə veriləcək.

Mingəçevir şəhərinin girişindəki Atletlər Kəndində də işlər tamamlanmaq üzrədir. Atletlər Kəndi Qaçqın və Məcburi Koçkünlərlə İş üzrə Dövlət Komitəsinin sifarişi ilə salınan yaşayış kompleksində yerləşəcək. 594 ailə 9 mərtəbəli 5 binada yerləşənədək Kənd idmançıların sərəncamında olacaq. Burada idmançılar və məşqçilər üçün 2 otaqlı və 3 otaqlı istirahət sahəsi, dopinq və akkreditasiya mərkəzi, idman zalı və meydançası, yeməkxana, avtomobil dayanacağı və s. hazırlanır. Hazırda binalardakı otaqların lazımi avadanlıqlarla təchiz edilmə prosesi aparılır.

Şəhər küçələrində isə Avropa Oyunlarından bəhs edən loqolar və plakatlar yerləşdirilib.

Qeyd edək ki, I Avropa Oyunlarında kayak və kanoe yarışları 14-16 iyunda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi