Mərkəzi Avropanın ikinci ən böyük şəhərində Anonimin heykəli - Ətrafında dolaşdıqca memarlıq üslubu dəyişən Vaydahunyad qəsrindən REPORTAJ

Mərkəzi Avropanın ikinci ən böyük şəhərində Anonimin heykəli - Ətrafında dolaşdıqca memarlıq üslubu dəyişən Vaydahunyad qəsrindən REPORTAJ Mərkəzi Avropanın ikinci, Macarıstanın isə birinci böyük şəhəri olan Budapeşt təkcə dərin tarixinə görə yox, həm də mədəni mənzərəsi, memarlığı, xaricilərə yaratdığı təhsil və iş imkanları, eləcə də gəncliyə bəxş etdiyi çərçivəsiz əyləncə fürsəti səbəbi i
Multimedia
8 İyun , 2023 12:33
Mərkəzi Avropanın ikinci ən böyük şəhərində Anonimin heykəli - Ətrafında dolaşdıqca memarlıq üslubu dəyişən Vaydahunyad qəsrindən REPORTAJ

Mərkəzi Avropanın ikinci, Macarıstanın isə birinci böyük şəhəri olan Budapeşt təkcə dərin tarixinə görə yox, həm də mədəni mənzərəsi, memarlığı, xaricilərə yaratdığı təhsil və iş imkanları, eləcə də gəncliyə bəxş etdiyi çərçivəsiz əyləncə fürsəti səbəbi ilə qapısı tez-tez döyülən şəhərlər arasındadır. İki milyona yaxın əhalisi olan şəhəri hər il on milyondan çox əcnəbi ziyarət edir. Kökü Romaya qədər uzanan bu şəhər rəsmi olaraq 1873-cü ildə Buda, Obuda və Peşt şəhərlərinin birləşdirilməsi ilə yaradılıb. Çoxsaylı münaqişələrin mərkəzində olduğu üçün sıxlıqla siyasi dəyişikliklərə şahidlik edib. Bu gərgin dəyişikliklərin müsbət təsiri isə şəhərin memarlığında əks olunub. Bu gün Budapeşt büründüyü əlvan rənglərə görə “Avropanın ürəyi”, “Dunayın kraliçası” “Azadlığın paytaxtı” kimi ləqəblərin daşıyıcısıdır. Termal hamamların və təbii isti bulaqların bolluğuna görə “Spa və termal hamamların paytaxtı” olaraq da tanınır. Avropanın Volqadan sonra ikinci ən böyük çayı olan Dunay onun mərkəzindən keçir və Buda və Peşt şəhərlərini bir-birindən ayırır.

Gördüyüm və görülməli olduğunu düşündüyüm məkanların təsvirinə keçməzdən əvvəl bildirim ki, digər Avropa şəhərləri ilə müqayisədə qiymətlərin münasib olduğu Budapeştdə gecəsi 20-30 manata təmiz və rahat hostellər tapmaq mümkündür. Xüsusilə Peşt şəhəri bu kimi yerlərin sıxlığı ilə seçilir. İctimai nəqliyyata gəldikdə isə bir istiqamət üzrə gedişhaqqı cəmi bir avro təşkil edir. Ancaq gəzməyi sevən birisinizsə, həmçinin hostel, hotel və ya mehmanxananızı mərkəzdə seçmisinizsə, ictimai nəqliyyatdan istifadə etməyinizə elə də ehtiyac yoxdur. Dörd günlük səfərim çərçivəsində mən də Peştdəki hostellərdən birinə üz tutdum və demək olar ki, biletlərim olduğu halda, bütün şəhəri piyada gəzdim.

İlk baş çəkdiyim məkan Macarıstanın ən ikonik tikililərindən olan, Budapeşt Parlamenti kimi də tanınan Macarıstan Parlament binası oldu. Dizaynını macarların məşhur memarı İmre Steindlin hazırladığı binanın tikintisinə 1885-ci ildə Dunay çayının şərq sahilində - Peştin ərazisində başlanılıb. Steindlin dizayn prosesi zamanı Londondakı Vestminster sarayından ilhamlandığı iddia olunur ki, həmin sarayı görməsəm də, internetdə adını axtarışa verdikdə fotolardan bu iddianın həqiqət payını rahatlıqla duymaq olur. 18 min kvadratmetr ərazisi və 96 metr hündürlüyü ilə bina Macarıstanın ən böyük və ən hündür tarixi binasıdır, dünyada isə üçüncü böyük parlament binasıdır, 691 otaqdan ibarətdir. Tikintisinə 40 kiloqrama yaxın qızıl istifadə edilmiş, indiyədək gördüyüm ən möhtəşəm tikililərdən biri, bəlkə də, birincisi olan Parlament binası Macarıstan demokratiyasının əsas simvollarından biri hesab olunur. Neoqotik üslubda inşa olunsa da, İntibah və barokko elementlərini də özündə birləşdirir. Macarıstanın Müqəddəs tacı da daxil olmaqla, ölkə cəvahiratı onun daxilində qorunur. Macarıstan Milli Assambleyasının iqamətgahı kimi xidmət göstərən binanın bəzi otaqları bu gün ziyarətə tam açıqdır, arzu olunacağı təqdirdə, həmin otaqları bələdçi müşayiəti ilə də gəzmək mümkündür. Binanın hər iki tərəfdən görüntüsü göz oxşasa da, onu Buda tərəfdən axşam çağı izləməyi xüsusilə tövsiyə edirəm, çünki həmin mənzərə sizə özünüzü lap sehrli nağıllardakı kimi hiss etdirəcək.

Budapeştin Peşt hissəsində yerləşən simvollardan bir digəri isə Qəhrəmanlar meydanıdır. Bu ictimai meydan YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş “Andrássy” prospektinin sonunda yerləşir. 1896-cı ildə Macarıstanın minillik yubileyində ölkənin ən mühüm tarixi şəxsiyyətlərini və hadisələrini nümayiş etdirmək üçün salınıb. Meydanın mərkəzində Macarıstanın Müqəddəs tacını və qoşa xaçı tutan arxmələk Cəbrayılın zirvəsində dayandığı sütun yerləşir. Sütunun aşağı hissəsində isə Karpat hövzəsində məskunlaşaraq Macar Knyazlığını yaratmış və macar millətinin əsasını qoymuş tayfaları təmsil edən yeddi başçının heykəlləri yerləşdirilib. Mərkəzi sütunun arxa hissəsində iki yarımdairəvi sütun da ucaldılıb ki, həmin sütunlarda macar hökmdarlarının, mühüm dövlət və mədəniyyət xadimlərinin heykəlləri nümayiş olunur. Qəhrəmanlar meydanı bu gün siyasi mitinqlər və mədəni tədbirlərin təşkil edildiyi əsas məkanlardan biridir.

Meydandakı abidələri tam beyninizə köçürdükdən sonra onun yaxınlığında yerləşən “Széchenyi” Termal Hamamına, Budapeşt Zooparkına və ya Vaydahunyad qəsrinə də baş çəkə bilərsiniz. Mənim seçimim, təbii ki, qəsrdən yana oldu. O qəsrdən ki, Macarıstanın 1000 illiyi münasibətilə təşkil edilən “Minillik Sərgi”nin bir parçası kimi Varosliget parkında taxta və kartondan müvəqqəti bir tikili olaraq inşa edilsə də, qısa müddətdə populyarlıq qazandığı üçün daha dayanıqlı materiallarla yenidən qurulub. Vaydahunyad qəsrinin başlıca unikal xüsusiyyəti binanın ətrafında hərəkət etdikcə onun memarlıq üslubunun dəyişməsidir. Belə ki, qəsrin hər qanadı Macarıstan memarlığının fərqli dövrünü təmsil edir. Lakin qəsr Macarıstan memarlığı ilə yanaşı, özündə qotik, İntibah və barokko memarlıq üslublarını da əks etdirir. Onun həyəti Macarıstanın tarixi şəxsiyyətlərini təmsil edən müxtəlif heykəllərlə bəzədilsə də, ən maraq doğuran heykəl Macarıstanın tarixini yazdığı deyilən anonim salnaməçi Anonimin heykəlidir. Həyətdə bundan başqa Macarıstanın Kənd Təsərrüfatı Muzeyi də yerləşir ki, parka və qəsrə giriş ödənişsiz olsa da, muzeyi görmək üçün müəyyən ödəniş etməlisiniz. Qəsri bütün fəsillərdə Budapeştin əsas ziyarət məkanlarından birinə çevirən amil isə onun yaxınlığındakı göldə qış aylarında buz meydançası yaradılmasıdır.

Peştdəki bu üç mühüm məkanı ziyarət etdikdən sonra əlavə vaxtınız varsa, macar tarixi ilə daha yaxından tanış olmaq üçün Terror Evinə də üz tuta bilərsiniz. Ölkənin nasist və kommunist rejimləri altındakı qaranlıq tarixinə işıq tutmuş bu muzeyi gəzmə imkanım olmadığı üçün eksponatların nədən ibarət olduğunu tam detallı qeyd edə bilməyəcəyəm, amma ziyarət edilməyə dəyəcək bir məkan olduğu qənaətindəyəm.

Ölkənin tarixindən, siyasi məkanlarından yorulub macarların mədəniyyətindən də bir şeylər öyrənmək istəyirsinizsə və bu yolda xərcləyəcəyiniz yetərli büdcəniz varsa, yolunuzu dünyanın ən məşhur opera evlərindən biri olan Macarıstan Dövlət Opera Evindən salın. 1875-1884-cü illər arasında tikilmiş bu opera binası təxminən 1300 nəfərlik bir tutuma sahibdir. Qarşısında Macarıstanın dövlət himnini bəstələmiş Ferens Erkel və macarların ən böyük bəstəkarı Franz Lisztin heykəlləri yerləşdirilib. Bu məkanda sadəcə opera tamaşalarını, baletləri izləmək üçün yox, istəyəcəyiniz təqdirdə, ümumi interyeri ilə tanış olmaq üçün də daxil ola bilərsiniz. Binada sizə altı dildə bələdçili tur təklif olunur.

Peştdə hər kəsin sevəcəyi, səfərin sonunda gediləcək yer isə Böyük Bazar Zalıdır. Azadlıq Körpüsünün Peşt ucunda, şəhər mərkəzinin yaxınlığında yerləşən bazar binası 1897-ci ildə tikilib və üç mərtəbədən ibarətdir. Üçüncü mərtəbədə siz ənənəvi macar əl işləri, suvenirlər, geyimlər və yerli məhsullar satan dükanları tapa bilərsiniz. Bu mərtəbədə Macarıstandan xatirə kimi evinizə apara biləcəyiniz çeşidli məhsullar var. Birinci mərtəbədə isə "peraşki"yə bənzəyən, ancaq daha dadlı və müxtəlif çeşidli küçə yeməyi olan lanqoşun dadına baxa bilərsiniz. Macar mətbəxindən bir şey dadmaq istəyirsinizsə, bu, lanqoş olmalıdır. Bazarın daxilində oturub yemək yeyə və ya bir fincan qəhvə içə biləcəyiniz kiçik yeməkxanalar və kafelər də var. Bundan əlavə, sizə macar içkiləri təklif edən kiçik dükanlar da mövcuddur. Əgər Budapeştin həm də gecə həyatı ilə tanış olmaq və bilinməyən bir saata qədər əylənmək üçün günü əyləncə məkanlarının yerləşdiyi məşhur Szimpla Kertsdə tamamlamaq istəyirsinizsə, palinkanın və ya digər içkilərin dadına baxmağa buradan başlaya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi