Litvalılar yayı festivalla qarşılayır: "Rasos"la Novruz arasındakı bənzərlik - REPORTAJ

Litvalılar yayı festivalla qarşılayır: "Rasos"la Novruz arasındakı bənzərlik - REPORTAJ Yay gündönümü Litva mədəniyyətində xüsusi yerə sahibdir. Buna görə də hər il litvalılar bu əlamətdar günü qeyd etmək üçün "Rasos" kimi də tanınan Müqəddəs Conas Festivalı təşkil edirlər.
Multimedia
24 İyun , 2023 12:41
Litvalılar yayı festivalla qarşılayır: Rasosla Novruz arasındakı bənzərlik - REPORTAJ

Yay gündönümü Litva mədəniyyətində xüsusi yerə sahibdir. Buna görə də hər il litvalılar bu əlamətdar günü qeyd etmək üçün "Rasos" kimi də tanınan Müqəddəs Conas Festivalı təşkil edirlər.

İyunun 24-də baş tutan festival ölkənin bütün şəhər və rayonlarının əhatə edir. Litvalıların ilin ən qısa gecəsini böyük bir coşqu ilə qarşılaması üçün müxtəlif məkanlarda konsertlər, şoular təşkil edilir.

Paytaxt Vilnüsdə isə artıq uzun illərdir ki, Müqəddəs Conas Festivalı Verkiai Manor parkında, təbiətin qoynunda təşkil olunur.

Mən də öz növbəmdə saat 19-da başlayan festivalın ilk iştirakçılarından birinə çevrildim. Meşənin ortasından axan çayın fantastik görüntüsü, quşların nəğməsi, əlvan çiçəklərin qoxusu və yaşlı litvalı nənələrin oxuduğu xalq mahnıları parkda elə bir ahəng yaradıb ki, hamının üzünə simasını gözəlləşdirən böyük bir təbəssüm qonub. Arada onları izləyərkən istəmədən düşünə bilərsiniz ki, litvalılar yaşamağı, doğrudan da, bacarırlar.

Festivalın qadın iştirakçılarının demək olar hamısı özlərinə güllərdən, ağac yarpaqlarından çələnglər hazırlayıblar. Bunu etməyi unudanlar isə tez ətrafdakı gül-çiçəyi toplayıb özünə bir çələng düzəltməyə çalışır. Çünki çələng hazırlamaq festivalın əsas şərtlərindən hesab olunur. Belə ki, tarixən subay qadınlar nə vaxt evlənəcəklərini təxmini öyrənmək üçün gül və otlardan hazırladıqları çələngləri ağac budaqlarına atar, çələngi neçənci cəhddə budağa keçirə bildiklərini hesablayar və bununla da evlənəcəkləri yaşı öyrənərmişlər. Belə çıxır ki, bu gün də çələngi ağac budağına keçirmə adəti qalmaqdadır. Parkın festival keçirilən ərazisində düz mərkəzə bunun üçün ağac yerləşdirilib və gənc qızlar bir ucdan çələnglərini atırlar.

"Rasos" xalq festivalını digər festivallarda fərqləndirən və maraqlı edən bir digər məqam isə festival çərçivəsində heç nəyin satışa çıxarılmaması və heç kimə yemək təklif edilməməsidir. Yəni məhz Vilnüsdə müşahidə etdiyim budur. Festival proqramı çərçivəsində sadəcə olaraq mahnılar səsləndirilir, rəqslər edilir, maraqlı oyunlar təşkil olunur, falçılıq ritualları həyata keçirilir və tonqallar yandırılır. Bəli, xristianlıq və bütpərəstlik ənənələri Müqəddəs Conas Festivalında bir növ birləşdirilir. Çünki yay gündönümünün qeyd olunması Litvanın xristianlıqdan əvvəlki tarixinə söykənir. Tarixən insanlar kəndin ən hündür yerində tonqal qalayıb onun ətrafında rəqs edir, sonra isə onun üstündən hoppanırmışlar, lap bizim "Novruz"da etdiyimiz kimi. İndi də ən hündür yerdə olmasa belə, tonqal qalanır, litvalılar xalq mahnılarını oxuyaraq onun ətrafında rəqs edir və sonda üzərindən hoppanırlar. Tonqaldan hoppanmadan əvvəl isə arzu tuturlar.

Bütün bu xoş anları - yaşlı insanların bitməyən enerjilərini, layla təsiri bağışlayan mahnılarını və sevgi dolu rəqslərini doyunca izləyib, çayın meşənin ortasından səssiz süzülüşünə tamaşa etdikdən sonra məkandan ayrılıram, amma festival saat 04:30-a, yəni Günəşin doğuşuna qədər davam edəcəkdi və yəqin ki, kimlərsə elə oradaca qalıb günəşi salamlayacaqdı...

Son xəbərlər

Orphus sistemi