Heydər Əliyev adına İdman Sarayı ilk böyük cüdo yarışına hazırdır - FOTOREPORTAJ

Heydər Əliyev adına İdman Sarayı ilk böyük cüdo yarışına hazırdır - FOTOREPORTAJ Arenada qədim və yeni Bakı canlandırılıb
Multimedia
30 Aprel , 2016 12:19
Heydər Əliyev adına İdman Sarayı ilk böyük cüdo yarışına hazırdır - FOTOREPORTAJ

Bakı. 30 aprel. REPORT.AZ/ Heydər Əliyev adına İdman Sarayı cüdo üzrə "Böyük Dəbilqə" turnirinə hazırlaşır. "Report"un məlumatına görə, arena daxilində hazırlıq işlərinin 80 faizindən çoxu görülüb.

Azərbaycan Cüdo Federasiyasının rəsmiləri hər gün idman qurğusunda olaraq, işlərin lazımi səviyyədə yerinə yetirilməsinə nəzarət edirlər. Təşkilat Komitəsinin üzvü Elnur Əşrəfoğlunun sözlərinə görə, işlər Beynəlxalq Cüdo Federasiyası (İJF) ilə bağlanılmış müqavilə əsasında aparılır. İJF rəsmiləri hələ 2 ay öncə Bakıda olaraq, Heydər Əliyev adına İdman Sarayında ilk dəfə təşkil ediləcək "Böyük Dəbilqə"yə hazırlıqla bağlı tövsiyələrini veriblər.

Artıq arena daxilində və tribunalarda bannerlər, karkaslar və konstruksiyalar qurulub. Yarış üçün "Green Hill" şirkətinin istehsal etdiyi müasir standartlara uyğun 5 sm-lik tatami gətirilib. Əsas diqqətlər mayın 6-da saat 16:00-da başlanacaq açılış mərasiminin təşkilinə yönəlib. Bir saatadək davam edəcək tədbir rəsmi və bədii hissədən ibarət olacaq. Rəsmi hissədə İJF prezidenti Marius Vizer, ACF prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimovun çıxışları nəzərdə tutulub. Bədii hissədə isə Ukraynadan gələn cüdoçu geyimli rəqqasların ifasında kompozisiya, xalq artisti Mənsum İbrahimovun ifasında muğam və Natiq ritm qrupunun çıxışı olacaq. Artıq bədii hissə üçün xüsusi işıqlandırma effektləri olan səhnə də qurulub.

Hazırlıq işlərinin əsas özəlliyi ondadır ki, İdman Sarayı daxilində bir tərəfdə Bakının Qız Qalası, Şirvanşahlar Sarayı kimi tarixi abidələri, digərində isə son illər tikilmiş Alov Qüllələri, Heydər Əliyev Mərkəzi kimi yeni tikililər canlandırılıb. İdmançılar zala Qədim Bakı tərəfdən daxil olacaq və yüksək yerlər tutacaqları təqdirdə Müasir Bakı hissəsində mükafatlandırılacaqlar.

Yarışın özünə gəldikdə, "Böyük Dəbilqə"nin 154 min dollar mükafat fondu olacaq. Məbləğ kişi və qadınlar arasında üst-üstə 14 çəki dərəcəsi üzrə bərabər şəkildə bölüşdürüləcək. Yəni, hər çəkiyə 11 min dollar düşəcək ki, bunun 5 min dolları qalibə, 3 min dolları finalçıya, daha 3 min dolları isə iki bürünc medalçıya hərəsinə 1500 dollar olmaqla çatacaq.

80-dən çox ölkənin nümayəndə heyəti yaxınlıqdakı Qafqaz City Baku, Ramada və Modern otellərində, İJF rəsmiləri Avropa otelində qalacaq. Çəkiölçmə və püşkatma mərasimi isə mayın 5-də "Hyatt Regency" otelində olacaq. Qonaqlar Bakıya mayın 2-dən gəlməyə başlayacaqlar.

Təşkilat Komitəsinin digər üzvü, cüdo millisinin sabiq baş məşqçisi Ağayar Axundzadə isə bildirib ki, Azərbaycana hər çəkidə 4 cüdo ilə təmsil olunmaq imkanı verilib. Amma əsas hədəf kişilər arasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 81 kq çəki dərəcəsində çatışmayan lisenziyanı qazanmaqdan ibarətdir: "Digər 6 çəkidə lisenziyanı, demək olar ki, təmin etmişik. "Böyük Dəbilqə"də ilk pillənin sahibinə 500 lisenziya xalı veriləcəyindən, bu turnirdə yüksək yerləri tutmaq çox vacibdir. Yekun reytinq siyahısı daha 2 turnirdən sonra - mayın sonlarında dərc olunacaq. Ona görə də son şanslardan yararlanmalıyıq".

A.Axundzadənin sözlərinə görə, turnir artıq 4 ildir keçirilsə də, Azərbaycan Cüdo Federasiyasının (ACF) yeni rəhbərliyinin təşkil edəcəyi ilk böyük yarış olacaq. Üstəlik, turnirin ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunması səbəbindən, təşkilati işlər ən yüksək səviyyədə aparılır: "İlk dəfədir ki, Böyük Dəbilqə" dünya çempionatı səviyyəsində təşkil olunur. Yeni rəhbərlik turnirin daha möhtəşəm olması üçün çalışır. Bir neçə gün öncə Rövnəq Abdullayevin sədrliyi, gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə Təşkilat Komitəsinin iclası keçirilib və müvafiq tapşırıqlar verilib. Biz də işlərimizi buna uyğun qururuq".

Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunları çərçivəsində cüdo üzrə Avropa çempionatı da Heydər Əliyev adına İdman Sarayında keçirilib. Amma ötən il bu arenada təkcə cüdo deyil, güləş və sambo yarışları da baş tutub. "Böyük Dəbilqə"yə mayın 8-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi