Çingiz Abdullayev: "Allah məni cəhənnəmə göndərməməlidir" - VİDEOMÜSAHİBƏ

Çingiz Abdullayev: "Allah məni cəhənnəmə göndərməməlidir" - VİDEOMÜSAHİBƏ "Əgər Allahla görüşsəm Ona çox sağ ol deyərəm"
Multimedia
7 Aprel , 2022 16:18
Çingiz Abdullayev: Allah məni cəhənnəmə göndərməməlidir - VİDEOMÜSAHİBƏ
Çingiz Abdullayev

"Əgər Allahla görüşsəm, Ona çox sağ ol deyərəm"

Bu gün 63 yaşı tamam olan dünya şöhrətli detektiv yazıçı, Azərbaycanın Xalq yazıçısı, publisist Çingiz Abdullayevin "Report" a müsahibəsi:

- Müsahibələrinizin birində demisiniz ki, mən bu qədər işi sevdiyimə görə çatdırıram, sevdiyim üçün yazıram, yaradıram və yaşayıram. Necə düşünürsünüz, sizcə, insan həyatını necə yaşamalıdır?

- Bəlkə də mənim kimi yaşamalıdır. Gün ərzində 3-4 saat yatıram. Bir neçə gün öncə katibimiz (Azərbaycan Yazıçılar Birliyinin katibi - "Report") Səlim Babullaoğlu dedi ki, mən neçə ildir sizə baxıram, ancaq indi başa düşdüm ki, siz insan deyilsiniz, siz "vezdexod"sunuz (yolsuzluq şəraitində gedən nəqliyyat vasitəsi). Çünki insan bu qədər işi çatdıra bilməz. Çatdırıram ona görə ki, sözün əsl mənasında yaşayıram. Bilmirəm sabah necə olacaq. Amma hər dəqiqəmi, hər saatımı yaşayıram. Həm öz işlərimi, həm də bu həyatı sevirəm.

- Dante Aligyerinin “İlahi komediya” əsərinə inansaq, cəhənnəmin 9 mərhələsi var. Çingiz Abdullayev cəhənnəmi necə təsvir edir?

- Bir dəfə zarafatla demişdim ki, əgər şansım olsa, mən cəhənnəmi seçərdim. Ona görə ki, gözəl qadınların hamısı oradadır. Ümumiyyətlə, gözəl qadınların hamısı cəhənnəmlikdir. Elə ağıllı kişilər də cəhənnəmlikdir. Təbii ki, bu zarafat idi. Görünür, mən hələlik cəhənnəmə düşmərəm. İndiyə qədər rüşvət almamışam, heç bir qadını incitməmişəm, elə dostum olmayıb ki, ona sadiq çıxmayım. Belə olduğu halda, Allah məni oraya göndərməməlidir. Amma yenə də hər şey Onun əlindədir.

Çingiz Abdullayev
Çingiz Abdullayev

- Bəs cənnəti necə təsəvvür edirsiniz?

- Mən bunu hər zaman deyirəm, yaxşı yazıçı əbədiyyətdə xalqın vəkilidir. Bilmirəm ki, mən necə yazıçıyam, amma istərdim ki, məndən əlli, yüz, iki yüz il sonra da kitablarımı oxusunlar. Bilsinlər ki, biz necə yaşayırdıq, mövqeyimə inansınlar. İnansınlar ki, biz özümüzü insan kimi aparmışdıq, biz öz torpaqlarımızı qaytara bildik, biz ləyaqətlə bu torpaqlarda, bu dünyada yaşamışıq. Bəlkə də, xoşbəxtlik odur ki, sən olmayanda da səni tanısınlar, oxusunlar və bilsinlər. Rüstəm İbrahimbəyov deyirdi ki, əgər ləyaqətli yaşasan, sənin dəfninə də ləyaqətli insanlar gələcək. Əslində, biz cənnəti istədiyimiz hər şeyi yeyə biləcəyimiz, ətrafımızda gözəl qızların, gəzdiyimiz və getdiyimiz hər yerin mükəmməl olduğu bir məkan kimi təsəvvür edirik. Çox adam cənnəti belə fikirləşir. Hələ bəziləri fikirləşir ki, pul da çox olmalıdır. Lakin mən qəti bilirəm ki, pul ilə xoşbəxtlik ala bilməyəcəksən. Bunu hər zaman demişəm və deyəcəyəm. Pul yaşamaq üçün etalondur, amma xoşbəxt olmaq üçün etalon deyil. Ən böyük xoşbəxtlik odur ki, sənin sağlam ailən, övladların və nəvələrin olsun. Bundan böyük xoşbəxtlik yoxdur.

- Orta əsrlər dövründə şərqdə bəşəriyyətin dahi insanları yaradıcılıqla məşğul olub. Hazırda Şərq və Qərbin müqayisəsini etsək, vəziyyət necədir?

- Mən ürək ağrısı ilə deyirəm ki, Qərbdə hazırda dahi insanlar var ki, yaradıcılıqla məşğuldur, Şərqdə isə bu, daha az müşahidə olunur. Bu yaxınlarda Heydər Əliyev Fondu bizi Dubaya göndərmişdi. Oradan yenicə qayıtmışıq. Bilirsiniz, baxırsan ki, orada hər şey var. Böyük pullar, möhtəşəm binalar və s. Amma son 50-100 ildə oradan bir yazıçı, rəssam, bəstəkar, həkim, bir alim çıxmayıb. Ona görə deyirəm pul hər şeyi həll etmir. Elə bu baxımdan Qərbdə indi belə insanlar var, Şərqdə isə azalır. Bizdə də Tahir Salahov, Rüstəm İbrahimbəyov, Arif Məlikov, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfəli Ələsgərzadə kimi dahilər var idi.

- Qəfil ölməkdən qorxursunuz?

- Cavanlıqda qorxurdum, amma indi qorxmuram. Bəlkə də, qorxuram, bilmirəm. İnsan yaşa dolduqca ölümdən daha az qorxur, daha çox qorxmalıdır, amma daha az qorxur. Mənim yadımdadır ki, doxsan yaşında qoca bir kişi deyirdi ki, mən yaşamaqdan yorulmuşam. Mən isə yorulmamışam. Hiss edirəm ki, mənim 30 yaşım var. Həmişə hiss edirdim ki, 16 yaşım var, amma indi 30-a yaxınlaşdığımı düşünürəm (gülür). Amma onu deyim ki, bütün azərbaycanlılar kimi mənim də arzum var: nəvələrimin toyunu görmək. Nəvələrimin toyunu görsəm, onda tam razı olaram.

- Sirriniz çoxdur?

- Kitablarda, bəli, çoxdur.

- Həyatda necə? Əslində, kitablar da bir növ həyatın özüdür.

- Bəli, düzdür. Həyatda da var. Bilirsiniz, kişi gərək kişi olsun. İndiki kişilərə baxanda adam utanır. Baxırsan kişidir, qadınla münasibəti var və bunu hər yanda danışır, bununla “fəxr” edir. Özünü də, qadını da biabır edir. Hələ televiziya kanallarında nələr var, nələr. Bir-birilərini biabır edirlər. Sən axı kişisən. Özünü kişi kimi apar. Bir qadın mənə deyib. Kişilər qalmayıb e, Çingiz müəllim. Kişilər bir qadını tanıyır və o qadını tanıdığını hər kəsə danışır. Özündən utanmırsan, a kişi?! Kişi, kişi olmalıdır, bu çox vacibdir. Ona görə də, bəli, sirlər olmalıdır.

- Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı Şuşada keçiriləcək. Sədrliyə namizədlər kimlərdir? Sizin namizəd olmağınız mümkündür?

- Mən bilmirəm bunu sizə kim deyib, amma biz doğrudan da qurultayı Şuşada keçirmək istəyirik. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim bunu hörmətli Prezident İlham Əliyevə də deyib. İndi imkan olsa istəyirik ki, qurultayı orada keçirək. Mən AYB-nin birinci katibiyəm. İndi bilmirəm məni seçərlər ya yox, amma bizim sədrimiz Anardır. Mən sizə ciddi və səmimi deyirəm, onunla 34 ildir işləyirəm. Mən bilirəm ki, o, Azərbaycan üçün nə qədər işlər görüb. Əgər səsvermə olsa, mən səsimi Anara verəcəyəm. İndi siz Anarın yaşı ilə bağlı sual verə bilərsiniz. Bilirsiniz, bu futbol deyil ki, 20-30 yaşlı insanları tapaq. Bura Yazıçılar Birliyidir və burada ağsaqqal sözünə hər zaman ehtiyac var. Ona görə, əgər, Anar namizədliyini irəli sürsə, mən səsimi ona verəcəyəm.

- Taleyinizdən razısınız?

- Həyatımdan, bəli, razıyam. Əgər, mən Allahla görüşsəm, Ona çox sağ ol deyərəm. Qeyd etdiyim kimi, əsas ailəm, övladlarım və nəvələrim sağlam və xoşbəxt olsunlar. Mən başqa heç nə istəmirəm. Bəzən Nobel mükafatı deyirlər. Əlbəttə, versələr çox sevinərəm. Amma bu qədər mükafat, orden və ad almışam. Azərbaycanın ən gənc xalq yazıçısı olmuşam. Hətta, nəinki Azərbaycanda, heç keçmiş SSRİ-də bu yaşda heç kim Xalq yazıçısı adı almayıb. Bundan böyük nə ola bilər. Bəli, mən xoşbəxtəm. Bəzən insanlar bunu deməyə çəkinir. Amma, mən bu gün rahatlıqla deyirəm ki, xoşbəxtəm. Bundan sonra isə ən böyük arzum nəvələrimin toyunu görməkdir.

Çingiz Abdullayev
Çingiz Abdullayev

- Müşahidə Şurasının sədri olduğunuz “Neftçi” çempionluq şansını demək olar ki, itirib. Ötənilki uğurun təkrar olunmamasının səbəbi nədir?

- Necə çempion deyilik?! Biz çempionuq. Hazırda sizinlə Azərbaycanın çempionu danışır (gülür). Bu gün, 2022-ci ilin aprel ayı “Neftçi” çempiondur. Bundan böyük uğur ola bilməz və mən bunu fəxrlə deyirəm. Bilmirdim ki, mən 63 yaşımda Azərbaycanın futbol üzrə çempionu olacağam. Mənə dedilər ki, Müşahidə Şurasında hər kəs çempion olur. Fərhad Bədəlbəyli 75 yaşında Azərbaycanın çempionu oldu. Biz də bununla fəxr edirik.

- "Report" İnformasiya Agentliyi adından doğum gününüzü təbrik edir, sizə fəaliyyətinizdə uğurlar, uzun ömür, can sağlığı arzulayırıq.

- Mən də diqqətiniz üçün təşəkkür edirəm, çox sağ olun!

Son xəbərlər

Orphus sistemi