Bakı. 7 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı” çəkilərək işarələnib.
"Report" xəbər verir ki, "Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkilib və asfalt üzərində təyin edilən yerlərdə “Bakı 2017” sözləri yazılıb.
Bundan başqa, beynəlxalq yarış üçün nəzərdə tutulmuş “Oyunlar zolağı” Neftçilər prospektindən savayı, Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yolu, Moskva, Ziya Bünyadov və Atatürk prospektləri, Vaqif və Hənifə Ələsgərov küçələri, habelə Tbilisi prospektinə də çəkilib.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakıda xüsusi zolaqların çəkilməsi ilə yanaşı, bu zolaqlarda hərəkət edəcək nəqliyyat vasitələrinin hərəkəti də xüsusi şəkildə tənzimlənəcək. Belə ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev bu zolaqlara yalnız Oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin buraxılacağını açıqlayıb.
"24 saat ərzində zolaqlara nəzarət ediləcək. Mayın 1-dən 25-nə qədər zolaqlara digər maşınların girməsinə icazə verilməyəcək. Aidiyyəti olmayan maşınlar zolağa girsə, 40 manat cərimə olunacaqlar", - deyə K. Əliyev xatırladıb.
BDYPİ-nin şöbə rəisi qeyd edib ki, regiondan olan nəqliyyat vasitələrinin həmin müddətdə şəhərə daxil olmasına müəyyən məhdudiyyət qoyulacaq.
Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək.