Azərbaycanın “Khazar”i - VİDEOREPORTAJ

Azərbaycanın “Khazar”i - VİDEOREPORTAJ Bakı. 15 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Neftçala Sənaye Məhəlləsində yerləşən “Khazar” Avtomobil Zavoduna mediatur təşkil edilib.
Multimedia
15 İyun , 2018 16:49
Azərbaycanın “Khazar”i - VİDEOREPORTAJ

Bakı. 15 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Neftçala Sənaye Məhəlləsində yerləşən “Khazar” Avtomobil Zavoduna mediatur təşkil edilib.

“Report” xəbər verir ki, mediatur çərçivəsində jurnalistlərə zavodda istehsal olunan avtomobillər haqqında məlumat verilib, istehsal olunmuş maşınların sınaqları keçirilib.

“Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, hazırda “Khazar SD” və “Khazar LD” seriyalarında 100 avtomobil istehsal edilib, bu həftədən isə həmin avtomobillərin satışına başlanılacaq: “Ayda 160 ədəd avtomobil istehsalı planlaşdırılır. “Khazar SD” 16 min manata, “Khazar LD” isə 18 min manata təqdim edilir. Hazırda Azərbaycanda bu sinfə daxil olan avtomobillərin qiyməti 22 min manatdan başlayır. “Khazar” avtomobillərini kredit və lizinq şərti ilə 4 il müddətinə əldə etmək olar. Lizinq üzrə ilkin ödəniş 20%, kredit üzrə isə minimum 50%-dir. İllik faiz dərəcəsi 18% civarındadır”.

Onun sözlərinə görə, ilin sonuna qədər digər modellərin də istehsalı gözlənilir: “İlin sonunacan aşağı sinif avtomobillərin istehsalına da başlamağı düşünürük. Onların qiyməti isə 14 min manatdan başlayacaq. Hazırda istehsal edilən avtomobillər mexaniki ötürücü qutusuna malikdir. Gələcəkdə avtomat ötürücü qutusuna malik avtomobillərin də istehsalı nəzərdə tutulub ki, onların da qiyməti mexanikilərdən 1000-1500 manat baha olacaq”.

“Azərmaş” rəsmisi bir sıra hökumət qurumlarının yeni avtomobilləri sifariş verdiyini də açıqlayıb: “Azərbaycanın İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri, həmçinin Mərkəzi Seçki Komissiyası (MSK), ümumilikdə, 40 avtomobil sifariş verib. Ümid edirik ki, bu sifarişlər daha da artacaq”.

Qeyd edək ki, “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin ən böyük rezidentidir. Zavodu “Azərmaş” ASC və “İran Khodro” şirkəti birgə yaradıb.

Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25%-lik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulan zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Azərbaycan və İran prezidentləri bu il martın 29-da zavodun açılışını gerçəkləşdiriblər.

Foto-Video: Firi Salim

İngilis versiyası Azerbaijan's "Khazar"

Son xəbərlər

Orphus sistemi