Finiks -Arizona. 8 noyabr. REPORT.AZ/ Bu gün ABŞ-da növbəti 58-ci prezident seçkiləri keçirilir.
"Report"un ABŞ-a ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, noyabrın 8-i səhər yerli vaxtla 06:00-da Arizona ştatının paytaxtı Finiksdə ilk seçki məntəqələri açılıb.
Ənənəvi olaraq respublikaçıları dəstəkləyən Arizona, budəfəki seçkilərdə, belə desək "tərəddüd edən" ştatlar sırasına daxil olub və bu səbəbdən buradakı səsvermənin nəticələri ölkə üzrə ümumi nəticələrə həlledici şəkildə təsir edəcək.
Qeyd etmək lazımdır ki, ştatın ən böyük qəzetlərindən sayılan "Arizona Republic" dərc olunduğu 126 il ərzində ilk dəfə olaraq demokratların namizədi Hillari Klintona dəstək nümayiş etdirib.
ABŞ-da seçkilər iş gününə düşdüyündən, seçicilər adətən səhər tezdən və axşam saatlarıda - iş vaxtı bitdikdən sonra fəallıq göstərirlər. Artıq səhər açılandan Arizonanın ən böyük şəhərlərindən olan Finiksdə seçki məntəqələrinin qarşısında seçici növbələri düzülməyə başlayıb. Məntəqələrdə seçiciləri könüllülər qarşılayır, onlara səsvermə prosesində köməklik göstərir, həmçinin qayda-qanuna nəzarət edirlər. Bir neçə saatdan sonra seçicilərin əksəriyyəti işə gedəcəyindən, sıralar seyrəlməyə başlayacaq. Axşam seçki məntəqələrinin bağlanmasına az qalmış yenidən seçici axınının müşahidə olunacağı gözlənilir.
Hər bir ştatda amerikalılar prezident ilə yanaşı, senator, hakim və şerifləri də seçməlidirlər. Arizonada səsverməyə bu dəfə qanunvericiliyə marixuananın qanuniləşdirilməsini nəzərdə tutan düzəliş də əlavə olunub.
Burada namizədlərin təbliğatı, hətta səsvermə günü də davam edir. Yalnız bir məhdudiyyət var – səsvermə günü bu və ya digər namizədə səs verməyi təbliğ edən buklet və broşürlər seçki məntəqələrindən 75 fut (təqribən 23 metr) aralıda paylanmalıdır.
Arizona ştatı Universitetinin nümayəndəsi (ASU), strateji kommunikasiya və rəqəmsal KİV üzrə mütəxəssis Ceyson Meninq hazırki prezident seçkilərini "qəribə" hesab edir. Bununla belə, son sorğuların nəticələrinə görə, prezidentliyə hər iki namizəd, demək olar ki, yanaşı addımlayırlar, onların arasındakı fərq təxminən 3 faiz təşkil edir (Klintona 48 səs, Trampa - 45 faiz).
Həyatında ilk dəfə səs verən 18 yaşlı tələbə qız Byanka bildirib ki, onun ailəsinin adətən respublikaçıları dəstəkləməsinə baxmayaraq, bu dəfə o, demokratların namizədi Hillari Klintona səs vermək qərarına gəlib.
Byanka hesab edir ki, Donald Tramp prezident seçkilərində qələbə qazanacağı təqdirdə, o, xarici siyasətdə də gözlənilməz ola bilər və müharibəni başlada bilər.
Adının açıqlanmasını istəməyən seçici bildirib ki, bu gün Donald Trampa səs verib. "O, bizə iş yerlərimizi qaytaracaq, vergiləri azaldacaq. Düşünürəm ki, bu həmin işləri ölkənin rifahı naminə görəcək", - deyə seçici qeyd edib. Onun fikrincə, Hillari Klinton insanlarla səmimi deyil: "Tramp isə səmimidir. O, yaxşı insandır". .
40 yaşlı Mark Hillari Klintona səs verib. Onun fikrincə, Tramp millət üçün təhlükədir.
47 yaşlı Dieqo Rodriges də Hillari Klintona səs verib: "Donald Tramp ABŞ-ın prezidenti olmamalıdır. Düşünürəm ki, özü bütün ölkə və dünyaya zərər verəcək". Onun fikrincə, Klinton daha böyük təcrübəyə malikdir və beynəlxalq siyasətdə ondan daha səriştəlidir.
30 yaşlı Maykl və 29 yaşlı Reyçel Klintona səs verib. Mayklın fikrincə, Hillari Klinton daha böyük inam doğurur: "Diplomatiya və siyasət - hər zaman kompromisdir, düşünmürəm ki, Klinton 100% yaxşı namizəddir, lakin belə ideal namizəd tapa biləcəyimi də gözləmirəm... Klinton beynəlxalq siyasətdə səriştəlidir, uzun zaman ABŞ dövlət katibi vəzifəsində çalışıb. Trampın dünya siyasətində səriştəsi yoxdur, onun təcrübəsi də azdır".
72 yaşlı Edvard həmçinin hesab edir ki, Hillari Klinton Donald Trampdan daha yazşı prezident olacaq.
37 yaşlı Meri-Stiven öz səsini H.Klintona verib və bildirib ki, ABŞ tarixində ilk dəfə prezident postuna qadın seçilərdsə, xoşbəxt olacaq: "Mən Hillari Klintona səs vermişəm, çünki düşünürəm ki, o, daha peşəkardır. O, həmçinin qadındır, bu da çox vacib amildir. Mən belə bir dəyişikliyə şad olardım. Düşünürəm ki, o, yaxşı prezident olacaq".
Arizonada seçki məntəqələri saat 19:00-a qədər açıq olacaq.
Ənənəyə görə, gözlənilir ki, seçkilərin ilkin nəticələri ABŞ-ın qərb sahillərindəki Kaliforniya ştatında seçki məntəqələrinin bağlanmasından dərhal sonra açıqlanacaq.