Vilayət Eyvazov Milli Məclisdə illik məlumatı təqdim edib - YENİLƏNİB

Vilayət Eyvazov Milli Məclisdə illik məlumatı təqdim edib - YENİLƏNİB Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatı dinlənildikdən sonra hesabat müzakirə olunub.
Milli Məclis
3 May , 2019 13:07
Vilayət Eyvazov Milli Məclisdə illik məlumatı təqdim edib - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatı dinlənildikdən sonra hesabat müzakirə olunub.

"Report"un xəbərinə görə, hesabat səsverməyə qoyularaq qəbul edilib.


*** 12:09

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatı dinlənilir.

“Report” xəbər verir ki, hesabatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edir.

O bildirib ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub.

V.Eyvazov qeyd edib ki, insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb: “Müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar məqsədilə Türkiyə Respublikasına, 20-si Rusiya Federasiyasına, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si isə Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb. Zərərçəkənlərdən 95-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib, 61-i sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına, 92-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. Nəticədə onlardan 32-si işlə təmin edilib, 46-sı peşə kursuna göndərilib, 69-u ailələrinə qaytarılıb, eləcə də hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 25 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 16-nın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 13-nə lazımi sənədlərin alınmasında köməklik edilib. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı "152 saylı Qaynar xətt" telefon xidmətinə daxil olan 6 310 müraciət araşdırılaraq qanunauyğun ölçülər götürülüb, təşəbbüskarlara zəruri izahlar verilib”.

Milli Koordinator deyib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə ötən il respublika üzrə 4 məcburi əmək faktı müəyyən edilib: “Aparılan araşdırmalarla 16 qurbandan 15-nin ölkə xaricində, birinin respublikada tikinti sahəsində istismar edildiyi məlum məlum olub. Hər bir fakt üzrə istintaq araşdırmaları aparılaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan monitorinqlərlə 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib. Yol verilən pozuntularla bağlı 6 işəgötürən təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılıb, 35-i haqqında 527 min manat həcmində inzibati cərimə, 27-si barədə 468 min manat miqdarda vergi sanksiyası tətbiq edilib. Məcburi əməyin profilaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yaşama qaydalarını pozan 19 210 əcnəbinin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 3 740 nəfərin respublikanın hüdudlarından inzibati qaydada çıxarılması olub”.

V.Eyvazov həmçinin bildirib ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib: “Aparılan yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 760 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 207 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin küçə həyatına məruz qalmış 75 yetkinlik yaşına çatmayan və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən uşaq mərkəzlərində ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilib. 2018-ci ildə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın yaşadığı ünvanlarda yerli icra hakimiyyəti orqanları tərəfindən monitorinqlər keçirilib, zəruri sosial yardımlar göstərilib”.

Son xəbərlər

Orphus sistemi