"Azərbaycan xalqının informasiya təhlükəsizliyi ilə bağlı səsimizin ucaldılması üçün Şuşa və ya Xankəndidə yeni teleməkan, yaxud informasiya istehsalı məkanı yaratsaq və bunu büdcədə nəzərə alsaq uyğun olar".
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Onun sözlərinə görə, yaxın gələcəkdə Xankəndidə tək hüquq sahəsi üzrə deyil, eləcə də tarix üzrə ixtisasların tədrisi edilə biləcək ali təhsil müəssisələrinin olması yaxşı olardı: "Xocalı Azərbaycan mədəniyyətinin ən dərin qatıdır. Orada çoxsaylı arxeoloji işlər aparılmalıdır. Qarabağ ərazisində elə furqanlar var ki, onlar öyrənilməli və araşdırılmalıdır. Bunun üçün də yaxşı tarixçilər yetişdirilməlidir. Bu səbəbdən bütün bunlar üçün gələcəkdə dövlət büdcəsindən lazımi vəsaitin ayrılması yaxşı olar”.