Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək üçün ölkədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətləri ilə görüşlər keçirib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Sahibə Qafarova bu seçkilərin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu deyərək dost və qardaş türkiyəli millət vəkillərinin prosesi müşahidə etməklərindən məmnunluğunu bildirib.
Milli Məclisin sədri görüşlərdə vurğulayıb ki, bütün müşahidəçilərin də mövqeyi bu yöndədir ki, prezident seçkiləri demokratik, qabaqcıl norma və prinsiplərə uyğun, şəffaf şəkildə keçirilib.
Görüşlərdə müşahidə missiyasının üzvləri prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Azərbaycanın inkişafında mühüm əhəmiyyətini qeyd ediblər.