Yuxarı

MM-in Aparat rəhbəri: “Parlamentin buraxılacağı haqqında bəzi fantaziyaları ən ağır yuxuda belə görmək mümkün deyil”

Səfa Mirzəyevdən parlamentin buraxılacağı haqqında iddialara münasibət

Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi Konstitusiya və nizamnamə ilə nəzərdə tutulan bir haldır. Milli Məclis yaranandan, yəni 1995-ci ildən sonra, demək olar ki, hər il yay aylarında növbədənkənar sessiya keçirilir”.

“Report” xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Onun sözlərinə görə, bunun əsas şərti onunla bağlıdır ki, qanunvericilik işlər planında olan məsələlər sessiya dövründə tam həyata keçmir: “Elə məsələlər var ki, onlar təcili həll olunmalıdır. Ona görə də növbədənkənar sessiya keçirilir. Yanlız bir il qanunverici orqanın növbədənkənar sessiyası olmayıb. 2006-cı ildə növbədənkənar sessiya keçirilmədi. O zaman Prezident İlham Əliyevin təşəbbüs ilə parlamentin plenar iclas zalında təmir və yenidənqurma işləri başladı. Yay ərzində bu işi tamamlamaq üçün növbədənkənar sessiya çağırılmadı”.

Aparat rəhbəri qeyd edib ki, bununla bağlı yaradılan ajiotajı başa düşmür: “Adama elə gəlir ki, hər hansı problemi qabartmaq üçün səbəb axtarırlar. Çünki hər il növbədənkənar sessiya keçirilib. Yazılanları oxuyanda istər-istəməz adama elə gəlir ki, əgər növbədənkənar sessiya iyunda başa çatmayıb iyula keçirsə deməli burada fövqəladə bir şey var. Özüm də medianı oxuyuram. Yazırlar ki, təcili və fövqəladə sessiya çağırıldı. Bu barədə yazan jurnalistlər bilməlidir ki, qanunvericilikdə nə təcili, nə də fövqəladə sessiya anlayışı yoxdur. Ancaq növbədənkənar sessiya keçirə bilərik. Bu da bir qayda olaraq keçirilir”.

S.Mirzəyev hesab edir ki, bunu hər hansı digər səbəblərlə izah edən şəxslər başqa niyyət güdürlər: “Onlar cəmiyyətdə ajiotaj yaratmaq istəyirlər. Söz-söhbət gedir ki, Milli Məclis buraxılacaq, vaxtından əvvəl seçkilər keçiriləcək. Yəqin ki, orta məktəblərdə Azərbaycan Konstitusiyası tədris olunur. Onu oxusalar, biləcəklər ki, biz hüquqi dövlətdə yaşayırıq və Milli Məclis istənilən an buraxıla bilməz. 20016-cı ildə referendum keçirtdik və Milli Məclisin buraxılma şərtləri konstitusiyada əksini tapıb.

Səhər yuxudan durdum Milli Məclis xoşuma gəlmədi buraxıram, elə şey ola bilməz. Konstitusiyanın 98-1 maddəsində parlamentin buraxılması üçün 3 şərt nəzərdə tutulub. Birincisi Milli Məclis il ərzində 2 dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərsə, ikincisi Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bankın idarə heyətinin prezident tərəfindən təqdim olunmuş üzvlərini iki dəfə dalbadal təyin etməsə. O da o halda ki, təyin etməmək həmin orqanın davam etməsinə mane olur. Üçüncüsü isə Milli Məclis üzərinə düşən işi həyata keçirmir. Bu hallar olmasa, parlamenti buraxmaq mümkün deyil”.

S.Mirzəyev deyib ki, parlamentin buraxılacağı haqqında iddialar güclü fantaziyanın məhsuludur: “Guya Yeni Azərbaycan Partiyası göstəriş versə ki, üzvləri iclasa gəlməsin, istefa ərizəsi yazaraq deputat səlahiyyətlərindən imtina etsinlər, onda parlament buraxıla bilər. Bunu ən ağır yuxuda belə görmək mümkün deyil. Ona görə də deyilənlərin heç bir əsası yoxdur. Milli Məclis normal rejimdə işləyir və ümid edirəm ki, vəzifələri layiqincə yerinə yetirir”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi