Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü: “Gürcüstandakı seçkilərdə xalqın gözləntilərinin doğrulmasını arzulayırıq”

Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü: “Gürcüstandakı seçkilərdə xalqın gözləntilərinin doğrulmasını arzulayırıq” Bakı. 29 noyabr. REPORT.AZ/ “Vahid regionda yaşamağımızı, ortaq tarixi keçmişimizi, həmçinin hazırkı reallıqda sıx münasibətlərimizi nəzərə alaraq Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri Azərbaycan üçün də böyük əhəmiyyət daşıyırdı. Biz ilk növbədə xalqın həmin nəticələri qəbul etməsini və gözləntilərinin doğrulmasını arzulayırıq. Kimin qalib gəlməsi Azərbaycan xalqının iradəsi əsasında müəyyənləşmirdi”.
Milli Məclis
29 Noyabr , 2018 12:14
Parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü: “Gürcüstandakı seçkilərdə xalqın gözləntilərinin doğrulmasını arzulayırıq”

Bakı. 29 noyabr. REPORT.AZ/ “Vahid regionda yaşamağımızı, ortaq tarixi keçmişimizi, həmçinin hazırkı reallıqda sıx münasibətlərimizi nəzərə alaraq Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri Azərbaycan üçün də böyük əhəmiyyət daşıyırdı. Biz ilk növbədə xalqın həmin nəticələri qəbul etməsini və gözləntilərinin doğrulmasını arzulayırıq. Kimin qalib gəlməsi Azərbaycan xalqının iradəsi əsasında müəyyənləşmirdi”.

Bunu “Report”a açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü Zahid Oruc Gürcüstanda keçirilən prezident seçkilərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan dövlət olaraq Gürcüstanın əmin-amanlığını, sabitliyini, proseslərin dinc məcrada inkişafını arzulayır: “Azərbaycan bunun üçün yalnız mənəvi, siyasi istəklərini deyil, real iqtisadi, təhlükəsizlik, hərbi və s. kimi addımları ötən illər ərzində atıb. Bu reallığı qəbul etmək lazımdır ki, Gürcüstan Azərbaycana ehtiyac duyur. Bu, müstəqillik illərinin müxtəlif dövrlərində sübut olunub. Açıq demək lazımdır ki, Salome Zurabaşvilinin qalib gəlməsində mühüm rol oynayan Gürcü Arzusu Partiyası və onun lideri Bidzina İvanişvili ilk dövrlərdə müəyyən kəskin xarici siyasət kursuna getməyə çalışırdı, o cümlədən Azərbaycanla imzalanan bir sıra müqavilələrin üzərindən xətt çəkmək niyyətləri var idi. Lakin zaman, ölkənin mənafeyi qəti çağırışlar əsasında qalması, Rusiya ilə bəlli münasibətlər, Türkiyəyə olan ehtiyac əvvəlki iqtidarların Azərbaycana sığınması kursuna təkrar qayıtmağa məcbur etdi”.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü Zahir Oruc

Z.Oruc vurğulayıb ki, Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlı bu illər ərzində nəinki dövlətçiliyin bütövlüyündə və vahidliyində rol oynayıblar, eləcə də hər hansı bir seperatizmə yol verməyiblər: “Oradakı azərbaycanlılar Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizə aparıblar, canlarından keçiblər. Ümid edirik ki, hakimiyyətə gələn Zurabaşvili reallıqları nəzərə alacaq, Azərbaycanla münasibətləri normal səviyyədə saxlayacaq. Transmilli layihələr Ermənistan-Azərbaycan münaqişəsi səbəbindən əsasən Gürcüstandan keçib. Açıq deyirəm ki, onlar, sanki bu münaqişədən öz maraqları üçün qədərindən artıq istifadə etməkdədirlər, layihələrdən maksimum gəlirlər əldə edirlər. Bu, bizim tərəfimizdən qəbul olunmazdır.

Buna baxmayaraq, Azərbaycan tərəfi siyasi dözüm göstərir. Bu layihələr Gürcüstanın strateji önəmini Qərb üçün artırıb. Gürcüstan bunu anlamalıdır”.

Deputat hesab edir ki, Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının lideri, sabiq prezidenti Mixeil Saakaşvilinin proseslərə müdaxiləsi hazırki nəticələrə gətirib çıxarıb: “Prezidentliyə namizəd Qriqol Vaşadzeni müdafiə edən Mixeil Saakaşvili insanları mitinqə səsləyir. Görünən bu idi ki, seçkilərin birinci turunda xanım namizədin səs faizi artıq idi. Siyasətçilərin, politoloqların rəyləri bundan ibarətdir ki, Saakaşvili seçkilərin aralıq dövründə proseslərə kəskin müdaxilə etməməli idi, onun iqtidarı dövründə xeyli sayda “yaralanan”, cəza alan insanlar vardı, bunlar da şəxsi intiqamından çıxış edirdilər. Xüsusi vurğulamaq istəyirəm ki, bir müddət öncə, Zurabaşvili çıxışlarında xətalara yol vermişdi, onun Gürcüstanda yaşayan azərbaycanlılara münasibətini də görmüşdük. Əminəm ki, bu, seçki ritorikası idi, indi daha realist, məsuliyyətli dönəm başlayır”.

Qeyd edək ki, bu gün Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) 3705 seçki məntəqəsinin hamısında səsvermənin nəticələrini elan edib. Nəticələrə əsasən, Salome Zurabişvili 59,52%, Qirqol Vaşadze isə 40,48% səs toplayıb. 

Son xəbərlər

Orphus sistemi