Bakı. 15 noyabr.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.
“Kimsə texniki işçiyə arxayın olaraq parlamentin iclasında iştirak etmirsə, birdəfəlik şəxsi işi ilə məşğul olmalıdır. Statusumuza uyğun olaraq, bu qanuna dəyişikliyi müdafiə etməliyik”, - o deyib.
Ç.Qənizadə Milli Məclisin plenar iclaslarının ikinci hissəsində iştirak etməyən deputatları tənqid edib: “Bəziləri saat 12:00-da Milli Məclisin plenar iclasına gəlir, saat 14:00-dan - fasilədən sonra iclası tərk edir. Həmin vaxt Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidirlər ki, saat 16:00-da yenidən Milli Məclisdə olmaq lazımdır. Burada bəhanə axtarmağa ehtiyac görmürəm”.
Deputat Əliyev İlham Ç.Qənizadəyə cavab olaraq deyib ki, hər kəs özünə cavabdehdir: “Deputat plenar iclasın birinci hissəsində qeydiyyatdan keçərək iştirak edir, ikinci hissədə üzrlü səbəbdən iştirak edə bilmirsə, bunu Milli Məclisə necə bildirməlidir? Bəzən elə olur ki, tədbirlərə dəvət olunuruq, bu tədbirlər də, adətən, günün ikinci hissəsində olur. Kimin ikinci hissədə harada iştirak etməsinin kiməsə aidiyyəti yoxdur. Hər bir deputat özünə cavabdehdir”.