Yuxarı
    Bağlamaq

    Milli Məclis “Azərbaycan Silahlı Qüvvələri haqqında” yeni qanunu qəbul edib - TAM MƏTN

    Qanun layihəsi 5 fəsil, 16 maddədən ibarətdir© Report

    Bakı. 29 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılıb.

    “Report”un xəbərinə görə, qanun layihəsi 5 fəsil, 16 maddədən ibarətdir.

    Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

    1-ci fəsil

    Ümumi müddəalar

    Maddə 1. Əsas anlayışlar

    1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:

    1.0.1. Azərbaycan Respublikası Silahlı Qüvvələri (bundan sonra- Silahlı Qüvvələr) – Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılıb, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat;

    1.0.2. Azərbaycan Ordusu- Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə;

    1.0.3 Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra- başqa silahlı birləşmələr)- Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları və ya onların strukturuna daxil olan qurumlar. Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının və ya onların strukturuna daxi olan qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

    Maddə 2. Silahlı Qüvvələrin fəaliyyətinin hüquqi əsasları

    2. 1. Silahlı Qüvvələrin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun və Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlar təşkil edir.

    2.2. Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyən edilir.

    2-ci fəsil

    Silahlı Qüvvələrin təyinatı, vəzifələri və fəaliyyətinin təşkili

    Maddə 3. Silahlı Qüvvələrin təyinatı

    Silahlı Qüvvələr Azərbaycan Respublikasının silahlı müdafiəsi, təcavüzün dəf edilməsi, Azərbaycan Respublikasının Hərbi doktrinasında nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması, habelə Azərbaycan Respublikasının təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsi, konstitusiya quruluşunun, suverenliyinin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi, səfərbərlik və hərbi xidmətə çağırış, mülki müdafiənin təşkili, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən yaradılır.

    Maddə 4. Silahlı Qüvvələrin əsas vəzifələri

    4.1. Dinc dövrdə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

    4.1.1. Azərbaycan Respublikasına qarşı təcavüzün qarşısını almağa və onu dəf etməyə hazır olmaq;

    4.1.2. əməliyyat şəraitini, onun təhlükəli dəyişməsini izləmək və Azərbaycan Respublikasına qarşı təcavüzə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq;

    4.1.3. hərbi idarəetmə orqanlarının, qoşunların (qüvvələrin) döyüşə və səfərbərliyə hazırlığını təcavüzün qarşısının alınmasını təmin edəcək səviyyədə saxlamaq;

    4.1.4. konstitusiya quruluşunusuverenliyin, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;

    4.1.5. Azərbaycan Respublikasının dövlət sərhədini mühafizə etmək;

    4.1.6. əhalinin və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə mülki müdafiəni təşkil etmək;

    4.1.7. fövqəladə halların aradan qaldırılmasında iştirak etmək;

    4.1.8. Azərbaycan Respublikasının mühüm inzibati-siyasi mərkəzlərini enerji və nəqliyyat infrastrukturunu, kommunikasiya qurğularını, xüsusi yükləri, hərbi obyektləri və digər mühüm dövlət obyektlərini mühafizə etmək;

    4.1.9. azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin mühafizəsi və müşayiət olunmasını, həmçinin penitensiar müəssisələrin mühafizəsini həyata keçirmək;

    4.1.10. hərbi idarəetmə orqanlarının və qoşunların (qüvvələrin) əməliyyat, döyüş, səfərbərlik və mənəvi-psixoloji hazırlıq plan və proqramlarını daim təkmilləşdirmək;

    4.1.11. hərbi texnikanı, silah, sursat və avadanlıqları modernləşdirmək, yeniləmək və döyüşə hazır vəziyyətdə saxlamaq, onunla rəftaretmə bacarığını təkmilləşdirmək;

    4.1.12. səfərbərlik və hərbi xidmətə çağırış üzrə tədbirlər kompleksini təkmilləşdirmək;

    4.1.13.peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbi elmi-potensialı artırmaq;

    4.1.14. beynəlxaql terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq;

    4.1.15. beynəlxalq hərbi əməkdaşlığı həyata keçirmək;

    4.1.16. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə əsasən sülhün və təhlükəsizliyin dəstəklənməsi (bərpa edilməsi) üzrə əməliyyatlarda iştirak etmək və həmin öhdəliklərdən irəli gələn digər vəzifələri yerinə yetirmək;

    4.1.17. ölkə ərazisinin müdafiəsi üzrə tədbirlərin və mülki müdafiə planı layihəsinin hazırlanmasında iştirak etmək.

    4.2. Dinc dövrdə yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, real təhdid dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

    4.2.1. döyüşə və səfərbərliyə hazırlığın səviyyəsini artırmaq, bununla bağlı əlavə tədbirlər kompleksini həyata keçirmək;

    4.2.2. fövqəladə və hərbi vəziyyt rejimlərinin təmin edilməsi, ərazi müdafiəsi üzrə hazırlıq tədbirlərinin yerinə yetirilməsində iştirak etmək;

    4.3. Dinc və real təhdid dövrlərində yerinə yetirilən əsas vəzifələrə əlavə olaraq, səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin əsas vəzifələri aşağıdakılardır:

    4.3.1. tam və ya qismən səfərbərlik üzrə tədbirləri vaxtında yerinə yetirmək;

    4.3.2. ərazi müdafiəsi üzrə vəzifələri yerinə yetirmək;

    4.3.3. Azərbaycan Respublikasına qarşı təcavüzü dəf etmək, ölkə ərazisinin müdafiəsi üzrə hərbi əməliyyatlar aparmaq, düşmən qüvvələrini məğlubiyyətə uğratmaq, onları Azərbaycan Respublikasının maraqlarına uyğun şərtlərlə hərbi əməliyyatları dayandırmağa (sülh danışıqları aparmağa və sülh sazişi bağlamağa) məcbur etmək.

    Maddə 5. Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri

    5.0. Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri aşağıdakılardır:

    5.0.1. vahid və mərkəzləşdirilmiş rəhbərlik;

    5.0.2. hərbi quruculuq tədbirlərinə və fəaliyyətinə nəzarət;

    5.0.3. beynəlxaql hərbi quruculuq təcrübəsindən səmərəli istifadə;

    5.0.4. döyüşə və səfərbərliyə daimi hazırlıq;

    5.0.5. döyüş potensialının müasir hərbi elmin və texnikanınən yeni nailiyyətləri səviyyəsində saxlanılması, texniki bazanın daima yenilənməsi;

    5.0.6. təşkilati strukturun, döyüş hazırlığının və say tərkibinin yerinə yetirilən vəzifələrə, beynəlxalq öhdəliklərə və Azərbaycan Respublikasının iqtisadi imkanlarına uyğunluğu;

    5.0.7. Silahlı Qüvvələrin şəxsi heyyətinin müddətli həqiqi hərbi xidmətə könüllü daxilolma əsasında komplektləşməsi;

    5.0.8. dövlət sirrinin qorunması;

    5.0.9. hərbi intizamın möhkəmləndirilməsi, şəxsi heyətdə Azərbaycan Respublikasına, Azərbaycan xalqına, hərbi anda sədaqət hissinin, öz vətəninin tarixinə və ənənələrinə dərin məhəbbətin, vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılması, gənclərdə hərbi xidmətə marağın yüksəldilməsi;

    5.0.10. qanunun aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insan və onun konstitusion hüquq və azadlıqlarına hörmət;

    5.0.11. hərbi qulluqçuların və mülki işçilərin, onların ailə üzvlərinin sosial müdafiəsinin təmin təmin edilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması;

    5.0.12. Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılmasının və fəaliyyətinin qadağa edilməsi.

    Maddə 6. Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların qarşılıqlı fəaliyyəti

    6.1. Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumlar dinc və real təhdid dövrlərində dövlətin hərbi təhlükəsizliyi və silahlı müdafiəsi üzrə vəzifələrini Azərbaycan Respublikasının Hərbi Doktrinasına, müvafiq sahə üzrə dövlət siyasətinə və qanunlarına uyğun olaraq qarşılıqlı əlaqədə həyata keçirirlər.

    6.2. Səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin dövlətin hərbi təhlükəsizli və silahlı müdafiəsi üzrə mərkəzləşdirilmiş birgə fəaliyyətiAzərbaycan Respublikası Təhlükəsizlik Şurasının qərarları və Azərbaycan Respublikası Silahlı Qüvvəlirinin Ali baş komandanının əmrləri əsasında həyata keçirilir.

    3-cü fəsil

    Silahlı Qüvvələrin idarə edilməsi və təminatı

    Maddə 7. Silahlı qüvvələrin idarə edilməsi

    7.1. Silahlı Qüvvələrə ümumi rəhbərliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı həyata keçirir.

    7.2. Səfərbərlik və müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların komandanlığına daxil olan vəzifəli şəxslər arasında səlahiyyət bölgüsü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı tərəfindən aparılır.

    Maddə 8. Silahlı Qüvvələrin maliyyə təminatı

    8.1. Silahlı Qüvvələrin maliyyə təminatı dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir.

    8.2. Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində ayrıca sətirlə müəyyən edilir və həmin qurumlar üçün xidməti yaşayış evlərinin, sosial-mədəni və xüsusi obyektlərin tikintisi üçün vəsait ayrıca nəzərdə tutulur.

    8.3. Silahlı Qüvvələrin maliyyələşməsinə ayrılmış vəsait və onun xərclənməsi üzərində nəzarət “Büdcə sistemi haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunları və həmin qanunlara əsasən qəbul edilmiş müvafiq normativ hüquqi aktlar ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

    Maddə 9. Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı

    9.1. Silahlı Qüvvələrin fəaliyyətinin təmin edilməsi və ona həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün istifadə edilən hərbiinfrastruktur obyektləri, silah və hərbi texnikanın bütün növləri, maddi vasitələr və digər daşınar və daşınmaz əmlak Silahlı Qüvvələrin istifadəsində olan əmlakdır.

    9.2. Silahlı Qüvvələrin istifadəsində olan əmlak dövlət mülkiyyəti olmaqla hərbi əmlakdan və digər təyinatlı əmlakdan ibarətdir.

    9.3. Silahlı Qüvvələrin maddi-texniki təminatı, silah və hərbi texnikanın alınması da daxil olmaqla, dövlət müdafiə sifarişlərinə, Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumlar tərəfindən bağlanmış müqavilələrə, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq həyata keçirilir.

    9.4. Silahlı Qüvvələrin səfərbərlik ehtiyacının, həmçinin təyinatına uyğun olaraq üzərinə qoyulmuş vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə Silahlı Qüvvələrdə silah, hərbi texnika və digər maddi vasitələrin toxunulmaz ehtiyatı yaradılır.

    9.5. Silahlı Qüvvələrin maddi-texniki təminatını müvafiq icra hakimiyyəti orqanı təşkil edir.

    9.6. Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    4-cü fəsil

    Silahlı Qüvvələrdə xidmət

    Maddə 10. Silahlı Qüvvələrin şəxsi heyəti və komplektləşdirilməsi

    10.1. Silahlı Qüvvələrin şəxsi heyəti hərbi qulluqçulardan, dövlət dövlət qulluqçularından və digər mülki işçilərdən ibarətdir.

    10.2. Silahlı Qüvvələrin hərbi xidmətə çağırış və hərbi xidmətə könüllü daxilolma, həmçinin. Işə, o cümlədən, dövlət qulluğuna qəbul edilmə əsasında komplektləşdirilir. Silahlı Qüvvələrin komplektləşdirilməsi bu Qanunun 10.3-cü maddəsində qeyd olunmuş normativ hüquqi aktlara uyğun olaraq onlar üçün müəyyənləşdirilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

    10.3. Silahlı Qüvvələrdə hərbi qulluqçuların hərbi xidmət keçməsi “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, dövlət qulluqçularının qulluğu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, digər mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

    10.4. Silahlı Qüvvələrin hərbi qulluqçuları müvafiq peşə qabiliyyətinə, ixtisas hazırlığına, hüquqi biliyə və fiziki hazırlığa malik olmalı, onlara təhkim edilmiş müvafiq silah, texnika və vasitələrdən istifadə etməyi bacarmalıdırlar.

    10.5. Silahlı Qüvvələrin hərbi qulluqçularının başqa dövlətlərin ixtisaslaşdırılmış təhsil müəssisələrində təhsil alması beynəlxalq müqavilələr əsasında təşkil edilir.

    Maddə 11. Silahlı Qüvvələrin hərbi qulluqçularının hüquqi statusu

    Silahlı Qüvvələrin hərbi qulluqçularının əsas hüquq və vəzifələri, təminatları və hərbi xidmətlə əlaqədar hüquqlarının məhdudlaşdırılması Azərbaycan Respublikası Konstitusiyası, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və digər qanunlar, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələri ilə tənzimlənir.

    Maddə 12. Silahlı Qüvvələrdə hüquqi və sosial müdafiə

    Silahlı Qüvvələrdə hərbi qulluqçuların, dövlət qulluqçularının və digər mülki işçilərin, onların ailə üzvlərinin, həmçinin ehtiyata və istefaya buraxılmış şəxslərin hüquqi və sosial müdafiəsi müvafiq olaraq “Hərbi qulluqçuların statusu haqqında”, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir.

    Maddə 13. Silahlı Qüvvələrin hərbi qulluqçuları tərəfindən hərbi xidmət vəzifələrinin icrası

    13.1. Silahlı Qüvvələrin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda hərbi xidmət vəzifələrini icra edən hesab edirlər.

    13.2. Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərin (rəislərin) qəbul etdiyi qərarları (əmr və sərəncamları) icra edirlər.

    13.3. Silahlı Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən həyata keçirilir.

    5-ci fəsil

    Yekun müddəalar

    Maddə 14. Silahlı Qüvvələrin şəxsi heyətinin məsuliyyəti

    14. 1. Silahlı Qüvvələrin hərbi qulluqçularının, dövlət qulluqçularının və digər mülki işçilərinin intizam məsuliyyəti müvafiq olaraq Silahlı Qüvvələrin hərbi nizamnamələri, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

    14.2. Silahlı Qüvvələrin hərbi qulluqçularının, dövlət qulluqçularının və digər mülki işçilərinin inzibati və cinayət məsuliyyəti müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir.

    14.3. Silahlı Qüvvələrin hərbi qulluqçularının dövlətə vurduqları ziyana görə maddi məsuliyyətinin əsasları, vurulan ziyanın miqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında” Əsasnamə ilə tənzimlənir.

    14.4. Silahlı Qüvvələrin hərbi qulluqçularının, dövlət qulluqçularının və digər mülki işçilərinin xidməti vəzifələrin icrası zamanı son zərurət və zəruri müdafiə vəziyyətində vurduqları ziyana (zərərə) və mülki hüquq pozuntularına görə mülki məsuliyyətləri Azərbaycan respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həll edilir.

    Maddə 15. Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət

    15.1. Silahlı Qüvvələrin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı həyata keçirir.

    15.2. Silahlı Qüvvələrin fəaliyətinə idarədaxili nəzarəti Silahlı Qüvvəlrin tərkib hissəsi olan qurumların komandanlığı və həmin qurumların daxil olduğu dövlət orqanlarının rəhbərləri həyata keçirir.

    15.3. Prokurorluq orqanları Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirirlər.

    Maddə 16. Yekun müddəa

    Bu qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 1991-ci il 9 oktyabr tarixli qanunu ləğv edilir.

    Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi