Azərbaycanın Ermənistanla imzalayacağı sülh müqaviləsi bütün ölkələr üçün faydalı olacaq.
"Report" xəbər verir ki, bunu Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib.
Türkiyəli deputat xatırladıb ki, Azərbaycan torpaqlarının 20 faizi işğal edildi, 1 milyona yaxın insan məcburi köçkün düşdü, Xocalı faciəsi törədildi, ancaq dünya bütün bunlara susdu:
"Ona görə də türk dövlətlərinin özlərindən başqa dostu yoxdur. Biz birliyimizi gücləndirməliyik. Bundan sonrakı dövr üçün Azərbaycanla Ermənistan arasında yalnız sülh müqaviləsi həll edilməmiş qalıb. Cənubi Qafqazda imzalanacaq sülh sazişi bütün ölkələr üçün faydalı olacaq. Türkiyə bu istiqamətdə atılan addımları dəstəkləyir".
Müdafiə və təhlükəsizliyinin təmin edilməsi, yeni müdafiə konsepsiyalarının hazırlanması qlobal dünyada vacibdir.
"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib.
O qeyd edib ki, regionda gərginlik artdığından iqtisadi problemlər daim gündəmdədir:
"Təhdidlər tək hərbi yox, eləcə də iqtisadi, iqlim dəyişiklikləri ilə də əlaqədardır. Odur ki, problemlərin önünə keçmək lazımdır. Milli təhlükəsizliyin qorunması təbii ki, güclü ordudan asılıdır. Azərbaycanın Qarabağ Zəfəri buna sübutdur və bütün türk dünyası üçün qürurdur. Birgə çalışmalı və bu istiqamətdə süni intellektin də gücündən istifadə etməliyik. Türk dünyası ölkələri arasında ortaq müdafiə mexanizminin formalaşdırılması vacibdir".
H.Akar əlavə edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin tanınması türk dövlətlərinin əməkdaşlığını, birliyini gücləndirəcək.