Deputatlarla jurnalistlər arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib

Deputatlarla jurnalistlər arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib Bakı. 23 dekabr. REPORT.AZ/ Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə həsr edilən futbol üzrə yoldaşlıq oyunu keçirilib.
Milli Məclis
23 Dekabr , 2017 14:02
Deputatlarla jurnalistlər arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə həsr edilən futbol üzrə yoldaşlıq oyunu keçirilib.

"Report"un xəbərinə görə, parlamentin futbol komandasına Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov rəhbərlik edib. Milli Məclisin komandasında Fuad Muradov, Mahir Abbaszadə, Kamran Nəbizadə, Siyavuş Novruzov, Elşad Həsənov, Azər Badamov, Tahir Mirkişili, Rəşad Mahmudov və Milli Məclisin sektor müdiri Adil Vəliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, sərbəst güləşçi Toğrul Əsgərov, veteran futbolçu Səməd Qurbanov təmsil olunub.

Jurnalistlərin komandasında Rəşad Baxşəliyev (kapitan), Anar Kəlbiyev, Mirmahmud Kazımoğlu, Elşad Paşasoy, Aqil Camal, Aqil Aslan, Anar Bayramoğlu, Əli İbrahimov, Elvin Dəmirli, Məğrur Salmanov, Nurani İsgəndərov, Vasif Həsənli, İsmayıl Abdullayev, Elçin Cəfərov, Hüseyn İsgəndərov yer alıb. Bu komandaya baş məşqçiliyi Elşad Eyvazlı edib.

Oyunu AFFA-nın baş katibi Elxan Məmmədov, futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, Azərbaycanın sərbəst güləş üzrə yığmasının baş məşqçisi Firdovsi Umudov, veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev, Dmitri Kramarenko, güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov izləyib.

Oyunun birinci hissəsi 2:1 hesabı ilə deputatların xeyrinə başa çatıb.

Fasilədən sonra deputatlar Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlunu heyətə daxil ediblər.

Jurnalistlər oyunu 2:3 hesablı məğlubiyyətlə başa vurub. Belə ki, FİFA dərəcəli hakim Orxan Məmmədovun idarə etdiyi yoldaşlıq oyununda qapılara 5 qol vurulub. Bunlardan 3-ü mətbuat nümayəndələrinin, 2-si isə millət vəkillərinin qapısından keçib.

Milli Məclisin deputatlarının komandasından 2 qola Gənclər və İdman komitəsinin sədri Fuad Muradov, birinə isə Milli Məclisin sektor müdiri Adil Vəliyev imza adıb. Rəqib komadada isə hər iki qolu Azad Azərbaycan Telekanalının əməkdaşı Nurani İsgəndərov vurub.

Oyunla bağlı fikirlərini bölüşən komitə sədri Fuad Muradov deyib ki, bu, simvolik oyundur: “İdman sahəsində olan inkişaf hər birimizi sevindirir. Təbii ki, bu uğurların başında Prezident İlham Əliyev dayanır. Bu tədbiri keçirməkdə məqsədimiz Prezidentə təşəkkürümüzü bildirməkdir. Ölkə başçımızın bir fikri var ki, sağlam həyat tərzi ən önəmli məsələlərdən biridir. Bu baxımdan, belə bir qərar qəbul etdik. Azərbaycan Gənclər və İdman Nazirliyinə, AFFA-ya, “Qarabağ” klubuna, Qurban Qurbanova, Parlament Jurnalistlər Birliyinə, Milli Məclisin deputatlarına, idmançılara təşəkkürümü bildirirəm. Burada kimin qalib gəlməsi əsas deyildi. Əsas odur ki, cənab Prezidenti qarşıdan gələn ad günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edək".

Deputat Adil Əliyev oyunu yüksək qiymətləndirib: "Bu kimi tədbirlər mətbuatla deputatlar arasında ünsiyyətin daha sıx olmasına, Azərbaycanda idmanın təbliğinə xidmət edəcək. Belə təşəbbüslərin sayı çox olmalıdır. Təkcə millət vəkilləri ilə jurnalistlər yox, başqa qurumlar da bu ənənəyə qoşulmalıdılar. Azərbaycanda idmana dövlət səviyyəsində dəstək verilirsə, təbii ki, bütün məmurlarımız inkişafa öz töhfələrini verməlidilər".

AFFA-nın baş katibi Elxan Məmmədov da oyunla bağlı fikirlərini bölüşüb. O deyib ki, belə bir yoldaşlıq oyunu keçirmək çox yaxşı təşəbbüsdür: "Milli Məclisin deputatları və jurnalistlər bu görüşü çoxdan planlaşdırırdılar. Hava soyuq olsa da, gözəl oyun izlədik. Ümid edirəm ki, bu cür tədbirlər gələcəkdə ənənəvi hal alar. Bu, sağlam həyat tərzidir".

Son xəbərlər

Orphus sistemi