"Qarabağ və Şərqi Zəngəzur tezliklə dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək".
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.
Deputat xatırladıb ki, son antiterror tədbirləri ilə Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi, Vətən övladlarının qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoydu: "Bu gün rayonlarımızın işğal deyil, azad olunduğu günləri qeyd edirik. 30 il bundan əvvəl mən və mənim kimi kimi bir milyon insan barbarcasına öz doğma torpaqlarından didərgin salınıb: “90-cı illərin əvvəllərində Azərbaycan çox ağır durumda idi. Bir tərəfdən torpaqlarımız işğal olunur, digər tərəfdən vətəndaş müharibəsi ilə üz-üzə qalmışdıq. İnsanlar ümidsiz və çarəsiz durumda idilər. Ermənilər yolu bağlayaraq insanların xilas olmasına mane olmağa çalışdılar. İnsanlar Arazı keçərək xilas oldular".
C.Məmmədov bildirib ki, "bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. Üç il bundan əvvəl Zəngilan işğaldan azad olundu. Bu gün Zəngilanda hava limanı, Konqres mərkəzi, məktəb və bağça fəaliyyət göstərir. Artıq Zəngilan şəhərsalma ilə bağlı beynəlxalq əhəmiyyətli tədbirə də ev sahibliyi edib. Bu gün nəinki Zəngilan, bütün işğaldan azad olunmuş rayonlarda - Cəbrayıl, Qubadlı, Füzuli, Ağdam, Şuşada da sürətli quruculuq və abadlıq işləri həyata keçirilir. Bütün bunlar onu söyləməyə əsas verir ki, tezliklə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək”.