Deputat: Prezident bir daha Azərbaycanın sülhün tərəfində olduğunu bəyan etdi

Deputat: Prezident bir daha Azərbaycanın sülhün tərəfində olduğunu bəyan etdi “Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı bir sıra önəmli məsələlərə toxundu. Tədbirdə dövlətimizin başçısı Ermənistanın 30
Milli Məclis
23 May , 2021 12:25
Deputat: Prezident bir daha Azərbaycanın sülhün tərəfində olduğunu bəyan etdi
Ramil Həsən

“Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı bir sıra önəmli məsələlərə toxundu. Tədbirdə dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçı siyasətinin nəticələri, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müharibədən sonra regionda yaranmış yeni reallıqlar, ölkəmizin regionda sülh, əməkdaşlıq və təhlükəsizliyə xidmət edən təşəbbüsləri haqqında fikirlərini ifadə etdi”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Onun sözlərinə görə, dövlətimizin başçısı mötəbər beynəlxalq tədbirdə mühüm mesajlar verib: “Cənab Prezident Ermənistandakı hazırkı mənzərəni dəqiq ifadə etdi. Əgər Ermənistanda bugünkü vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zamanla müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib.

Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittihamlar irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülhün, əmin-amanlığın tərəfində olduğunu bir daha bəyan etdi. Nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regionda yeni inkişaf mərhələsinin vacib şərtlərinə çevrilməkdədir. Ancaq Ermənistan ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanatın bütün bəndlərini yerinə yetirməsə, vəziyyət dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq. Ona görə də Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalı, antitürk, anti-Azərbaycan stereotiplərlə yaşamamalıdır. Belə olan vəziyyətdə Ermənistan yeni vəziyyəti, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Dağlıq Qarabağ münaqişəsi ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub: “Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb.

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Ancaq ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Müharibə başa çatandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə indiyə qədər minaların xəritəsini Azərbaycana verməkdən imtina edir. Minaların təmizlənməsi də çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır”.

Ramil Həsən işğaldan azad olunmuş ərazilərin vəziyyətinin erməni vandalizmin sübutu olduğunu qeyd edib: “Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Azərbaycan Prezidenti “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə nəzərə çatdırdı ki, bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı, bunlar sonrakı dönəmdə baş verib. Onlar əvvəlcə bizim evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayıblar. Daha sonra isə işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıblar – işğal altındakı torpaqlarda 60-dan çox məscid dağıdılıb. Ancaq istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Dövlət başçısının da vurğuladığı kimi, bu, asan deyil, emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə ağır hisslər yaşayır. Ancaq Azərbaycan əməkdaşlığa hazırdır.

Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışır, gələcək haqqında düşünmürlər”.

Deputat Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə Azərbaycan Prezidentinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, bu həmsədrlərindən biri olan ABŞ-a mühüm mesaj verməsinə diqqət çəkib: “Cənab Prezident bildirdi ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında ABŞ böyük rol oynaya bilər, çünki ABŞ dünyada aparıcı ölkədir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Vaşinqtonun dəstəyi və ədalətli mövqeyi regionun inkişafını sürətləndirə bilər. ABŞ öz potensialından istifadə edərək, Ermənistanı inandıra bilər ki, revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Digər tərəfdən, dövlət başçısı tədbirdə sualları cavablandırarkən bir daha Zəngəzur dəhlizinin regionun inkişafında strateji əhəmiyyət kəsb edəcəyinə diqqət çəkib. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq.

Ümumiyyətlə, Azərbaycan Prezidenti tədbirdə Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri ilə bağlı dünyaya mühüm mesajlar verdi, Azərbaycanın regionda inkişaf və əməkdaşlıqda maraqlı olduğunu bir daha nəzərə çatdırdı”.

Son xəbərlər

Orphus sistemi