Azərbaycan
- Azərbaycan Prezidenti
- Prezident İlham Əliyevin 9 ayın yekunları ilə bağlı keçirdiyi iqtisadi müşavirədə səsləndirdiyi fikirlər xalqın eşitmək istədikləri fikirlər idi. Həm kadr islahatları, büdcə xərclərinin səmərəli istifadəsi, satınalmaların şəffaf həyata keçirilməsi, şişirdilmiş rəqəmlərin olmaması, mərkəzi icra hakimiyyəti orqanlarının dövlət büdcəsi üçün verdikləri təkliflərin, sifarişlərin reallığa uyğun olması ilə bağlı ciddi müzakirələr aparıldı. Müşavirədə zamanın tələbinə, müasir dövrə cavab verməyən kadrların əvəzinə savadlı, enerjili, kreativ kadrların önə çəkilməsinin vacibliyi xüsusi vurğulandı. Son dövrlərdə bəzi məmurların, sosial şəbəkələrin öz təsir dairələrindəki ayrı-ayrı informasiya vasitələrinin imkanlarından istifadə edərək digər məmurlarla bağlı materialların dərc edilməsi məsələsinə də toxunuldu. Bu, məmur dözümsüzlüyüdür, həyata keçirilən islahatlara kölgə salmaq cəhdidir. Bu, eyni zamanda birinin digərinin müvəffəqiyyətlərini qəbul etməməsidir. Hesab edirəm ki, xalqın tam əksəriyyəti Prezident İlham Əliyevin cəmiyyətə verdiyi mesajları müsbət qarşıladı, dəstəyini ifadə etdi. Seçicilərlə görüşdə də aydın olur ki, bu sözləri məhz Prezident İlham Əliyevdən eşitmək istəyirdilər. İndi informasiya – kommunikasiya texnologiyaları əsridir, nəyisə gizlətmək çox çətindir. Bütün dünyada maliyyə böhranı davam edir, ayrı-ayrı ölkələrdə çox ciddi iqtisadi problemlər var. Amma Azərbaycanda artım tempi normaldır. Dövlət başçısının tapşırığına əsasən, dövlət büdcəsi 2020-ci ildə həm investisiya, həm də sosialyönümlü olacaq. Bu il iki sosial paket qəbul edilib, insanların sosial rifah halının yaxşılaşması istiqamətində ciddi addımlar atılır və proses 2020-ci ildə də davam etdiriləcək. Sosial islahatların aparılması istiqamətində MBD ölkələri arasında ön sıralardayıq. Azərbaycanın Dünya Bankının “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi, Dünya İqtisadi Forumunun nəşr etdiyi “Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşması aparılan işlərin nəticəsidir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin doğruluğuna sübutdur. Bildiyiniz kimi, kadr islahatları davam etdirilir, struktur dəyişiklikləri aparılır. Kadr islahatlarının bundan sonra da həyata keçirilməsi istisna deyil.
- Prezident İlham Əliyev çıxışında layihələr həyata keçirilərkən şişirdilmiş rəqəmlərin təqdim olunması məsələsinə də toxundu. Bunun qarşısını almaq mümkündürmü?
- İlk növbədə şəffaflıq yaradılmalıdır. Dövlət başçısı iqtisadi müşavirədə qeyd etdi ki, dövlət sifarişləri reallığa uyğun olmalıdır. Şişirdilmiş rəqəmləri müəyyən etmək üçün xüsusi ağıla sahib olmaq lazım deyil. Hər şey açıq şəkildə bazarda satılır, getmək belə lazım deyil, istənilən malın qiymətini internetdən əldə olar. Əmək bazarında hansı işin nə qədər vəsaitə görülməsini öyrənmək çətin deyil. Risklər olması mümkündür, bu da inflasiyanın artması ilə bağlı ola bilər. Bu da nəzərdə tutulan vəsaitdən 1-5% artıq ola bilər. Son illərdə inflasiyanın səviyyəsi 1 rəqəmlidir. Manatın stabilliyi davam edir. Hər şey göz qabağındadır, sadəcə, ekspertizadan keçən layihələr reallığa uyğun olmalıdır. Sifarişçi maraqlıdır ki, daha çox vəsait əldə etsin, buna imkan verməmək müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının bilavasitə vəzifəsidir. Əminliklə deyə bilərəm ki, şişirdilmiş rəqəmlər olmazsa, daha artıq işlərin öhdəsindən gəlmək olar. Yəni az vəsaitlə çox iş görmək mümkündür.
- Dövlət başçısı bəzi məmurların bir-birilərini şantaj etdiyini qeyd etdi? Sizi mətbuatda şantaj ediblərmi?
- (Gülür) Belə hallarla çox rastlaşmışam. Məmurların bir-birilərini şantaj etmələri faktdır. Azərbaycan kiçik ölkədir, mətbuata nəzər yetirdikdə görürsən ki, kim kimə qulluq edir, hansı mətbuat orqanı kimin təsiri altındadır...Şantaj, şantaj edilən şəxsdən daha çox dövlətə zərbə vurur. Prezidentin komandasında olan insanların bir-birilərini şantaj etməsinin zərərini dövlət, xalq görür. Eyni siyasi əqidənin daşıyıcıları öz komandasında yoldaşını şantaj etməsi, qısqanclığa, paxıllığa və yaxud hansısa mənfi hisslərinə görə komanda yoldaşının gördüyü müsbət işləri ləkələməsi, ictimaiyyətin gözündə aşağılaması düzgün deyil. Bu cılız hisslərdir, korporativ maraqlara xidmət edir.
- Dövlət qurumları arasında məlumat mübadiləsinin zəif olması layihələrin həyata keçirilməsi zamanı bir sıra fəsadlara yol açır. Bu istiqamətdə təklifiniz varmı?
- Deməzdim ki, dövlət qurumları arasında məlumat mübadiləsi zəifdir. Ancaq burada struktur islahatlarının aparılmasına ehtiyac var. Ələlxüsus kommunal təsərrüfat, xidmət sahələrində struktur dəyişikliklərinin aparılmasına zərurət var. Düşünürəm ki, şəhər təsərrüfatına aid olan xidmətlərin bir orqanda cəmləşməsi həm iqtisadi, həm də sosial baxımdan daha effektiv olardı.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini hansı formada görürsünüz?
- Dağlıq Qarabağ problemi Azərbaycanın bir nömrəli problemidir. Elə bir azərbaycanlı yoxdur ki, Qarabağ probleminin həllini arzulamasın. Münaqişənin həll edilməsi üçün Azərbaycan dövləti böyük işlər görür. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bu, fəxr etməli faktdır. 2016-cı ilin aprelində baş verən döyüşlər uzun illər yaranan erməni mifini dağıtdı. Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Bu tipli problemlərin həlli bir və ya iki dövlətdən asılı məsələ deyil... Bir çox məsələlər beynəlxalq birliklə razılaşdırılmalıdır. Əks halda, çox ciddi xaotik proseslər baş verə bilər. Yaxın Şərq regionunda baş verənlər buna misaldır. Ukrayna böyük dövlətlər tərəfindən dəstəklənirdi. Gürcüstan da həmçinin. Həmin ölkələr problemi həll etmək əvəzinə torpaqlarını birdəfəlik itirdilər. Onlarla müqayisədə Azərbaycanı müdafiə edən ölkələr çox azdır. Ona görə də reallıqdan çıxış edərək zamanı gözləməliyik. Səhv addım baha başa gələ bilər. Xalqımız haqlı olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Dövlət başçısının balanslaşdırılmış siyasəti olduqca zəruridir, bu siyasət özünü doğruldur, Azərbaycan böyük dövlətlərin əhatəsində olan kiçik dövlətdir. İmkan vermək olmaz ki, xaotik hadisələr baş versin. İnanıram ki, olmayacaq.
- Deputatlar bəzən gileylənirlər ki, məmurlar onların irad və təkliflərinə məhəl qoymur. Siz necə düşünürsünüz?
- İstər icraedici, istər qanunverici, istərsə də məhkəmə orqanlarının nümayəndələri nəinki deputatın, sadə vətəndaşların müraciətlərinə həssas yanaşmalı, dərhal cavab verməlidirlər. Söhbət qanuni müraciətdən gedir, heç vaxt kiməsə qanundankənar, şəxsi işimlə bağlı müraciət etməmişəm. Bundan sonra da etmərəm... Məmur dövlətin inkişafını istəyirsə, vətəndaşa xidmət göstərməli, problemini dinləməlidir. Məmur müasir informasiya texnologiyalarından istifadə etməli, vətəndaş harasa getmədən, evindən onun elektron ünvanına müraciətini göndərməlidir. Məmurun da borcudur, cavablandırsın. Yəni burada söhbət deputatın müraciətindən getmir, bütövlükdə vətəndaşdan gedir. Təəssüflər olsun ki, bəzi hallarda deputatın belə müraciətinə baxılmır. Bu məmurların şəxsi keyfiyyətləri və peşəkarlığına bağlı məsələdir.
- Siz özünüz Balakən və Nəsimi rayon icra hakimiyyətlərinin başçısı olmusunuz. Deputatlarla necə işləyirdiniz?
- Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olan zaman dörd deputatla işləmişəm. Ümumiyyətlə, elə bir deputat olmayıb ki, müraciətinə həssas yanaşmayım. Müraciət əsassız olsa belə, cavabımda əsaslandırmışam. Ona görə də indiyə qədər hər birisi ilə ən yüksək insani münasibətlərimiz davam edir. İstər məmur, istər deputat olsun, komanda ruhunun saxlanması vacibdir.
- Sosial şəbəkədə də aktivsiniz. Bu aktivlik deputat olmazdan öncə mümkün deyildimi?
- Sosial şəbəkələrdə aktivliyim deputat fəaliyyətimlə əlaqəlidir. Hesab edirəm, istənilən deputat, məmur cəmiyyətə açıq olmalıdır.
- Sizə sosial şəbəkələrdə müraciətlər nə ilə bağlı olur?
- Müxtəlif məsələlərlə bağlı müraciətlər olur. Daha çox yardım edilməsi üçün müraciət edilir. Seçicilərim olan və olmayan insanlar rahat şəkildə “Facebook”da mənə müraciət edə bilirlər. İcbari tibbi sığortanın tam həyata keçməməsi müəyyən problemlər yaradır. Xaricdə müalicə, tibb əməliyyatlarının keçirilməsi, pensiya təyinatı, ünvanlı sosial yardımın, əlillik dərəcəsinin təyin edilməsi. Yeri gəlmişkən yaxşı olardı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi neqativ halların qarşısını almaq üçün tibbi-sosial ekspert komissiyalarının regionlarda səyyar qəbullarının keçirilməsini təşkil etsin. Bundan əlavə, təhsil haqlarının ödənilməsinə köməklik, bağça, xəstəxana tikintisi, içməli su, elektrik enerjisinin limitinin artırılması, internetlə bağlı müraciətlər olur.
- 15 il icra başçısı işləmisiniz, müxalifətlə münasibətiniz necə idi?
- Balakəndə və Nəsimidə icra başçısı olan zaman elə bir ciddi müxalif qüvvə ilə rastlaşmamışam. 1990-cı illərin əvvəllərindən populist insanlar küçədən hakimiyyətə gəldilər, qısa zamanda vətəndaşları üz-üzə qoydular, anarxiya, xaos Respublikanı bürüdü. 1993-cü ildə Ulu öndər
- İddia edilir ki, növbəti parlament seçkilərində Milli Məclisin tərkibi daha çox gənclərdən ibarət olacaq. Hətta fikirlər səsləndirilir ki, deputatın yaşı 60-dan yuxarı olmamalıdır...
- Deputatın yaşlı və ya gənc olması bölgüsünün aparılmasının əleyhinəyəm. Dünya praktikasında tətbiq olunan normalar var. Əsasən icra və yaxud digər dövlət idarəetmə orqanlarında nəsillərin əvəzlənməsi təbii haldır. İstənilən halda yaşlı məmurla 35-40 yaşlı məmurun faydalı iş əmsalı eyni ola bilməz. Təbii ki, təcrübə önəm kəsb edir. Yeniliklərin qəbul olunması, proseslərə daha operativ reaksiya verilməsi baxımından gənclərə üstünlük verilməlidir. Çünki inkişaf etmək istəyiriksə, zamanla ayaqlaşmalıyıq. Növbəti parlament seçkilərində, yəqin ki, yeniləşmə olacaq. Belə də olmalıdır. Gənc, savadlı, eyni zamanda təcrübəli kadrlara ehtiyac var.
- Növbəti parlament seçkilərində iştirak etmək niyyətiniz varmı?
- Milli Məclisə Yeni Azərbaycan Partiyasından seçilmişəm. Bu barədə danışmaq hələ tezdir.
- Milli Məclisin plenar iclasında çıxışınız zamanı bildirdiniz ki, qəsdən adam öldürməyə, sağlamlığa xəsarət yetirməyə görə cəzalar sərtləşdirilsin. Sizcə, bununla problem həll ediləcəkmi?
- Belə halların qarşısının alınmasında bütövlükdə cəmiyyətin iştirakı vacibdir. Uşağa ilk növbədə düzgün tərbiyə verilməlidir. Hər birimiz cinayətkarlıqla mübarizədə dövlət orqanlarına kömək etməliyik. Təəssüflər ki, bəzi ailələrdə dəyərlərə diqqət yetirilmir. Uşaq aqressiv böyüdülməməlidir. Uşağı həmyaşıdlarına qarşı qoyan valideyn başa düşməlidir ki, bu, gec-tez onun əleyhinə işləyəcək. Hər şeyi dövlət qurumlarının üzərinə atmaq da düzgün deyil. Hər bir valideyn, məktəb, məktəbəqədər təhsil müəssisəsi tərbiyə məsələsinə xüsusi diqqət yetirməlidirlər. Qəsdən sağlamlığa ağır xəsarət yetirməyə, qəsdən adam öldürməyə görə cəzalar sərtləşdirilməlidir. Zaman bunu tələb edir. Savadlı, ağıllı gənclər hansısa savadsız, yaramazın qurbanı olur... Bir neçə dəfə belə halların şahidi olmuşam. Təxminən 8-9 il bundan əvvəl Gürcüstana getmişdik, gecə saatlarında xanımların tək-tənha gəzintidə olduğunun şahidi olduq. Bizə yaxın olan şəxslərdən biri dedi ki, əvvəllər kriminal hadisələr, zorlama həddindən artıq çox olurdu, qanunvericilikdə dəyişiklik edildi, indi tanımadığın xanıma söz atmağa görə belə ağır cəzalar verilir. Ona görə də Gürcüstanda zorlama hallarının baş vermə faizi çox aşağıdır. Bəzi şagirdlər belə ciblərində bıçaq saxlayır. Buna ciddi nəzarət olmalıdır. Xəbər saytlarının bəziləri kriminal aləmdə adı hallananları “qəhrəman” kimi qələmə verirlər. Gənclər izləyir, həmin şəxslərə oxşamaq istəyirlər. Oxumaq istəmir, savad yoxdur, amma özünü təsdiq etmək istəyir, həbsxanaya düşməyi "qəhrəmanlıq" hesab edirlər... Başa düşmürlər ki, kriminal aləmin milləti yoxdur. Rusiyada azərbaycalı tərəvəz satanlardan azərbaycanlı, gürcüstanlıdan gürcüstanlı kriminal aləmin üzvləri haqq tələb edirlər... Elə bilirlər ki, bu, qəhrəmanlıqdır, milləti müdafiə edirlər.
- Sizin övladlarınız hansı işlə məşğuldurlar?
- Xoşbəxtəm ki, övladlarım ən yüksək mədəni keyfiyyətlərə malikdirlər, hər üçü ali təhsillidir, zərərli vərdişlərdən uzaqdırlar. Böyük oğlum hərbi xidməti başa vurub, öz işini qurub, ailəlidir. Kiçik oğlum magistraturanın son pilləsində oxuyur. Qızım universiteti əla qiymətlərlə başa vurub, işləyir, magistratura təhsilini davam etdirəcək və gələcəkdə elmi işlə məşğul olmağı planlaşdırır.