Azərbaycanda məhkəmələrə 32 hakim təyin edilir

Azərbaycanda məhkəmələrə 32 hakim təyin edilir Azərbaycanda məhkəmələrə 32 hakim təyin edilir.
Milli Məclis
1 Aprel , 2024 17:23
Azərbaycanda məhkəmələrə 32 hakim təyin edilir

Azərbaycanda məhkəmələrə 32 hakim təyin edilir.

"Report"un xəbərinə görə, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclasında bildirilib.

İclasda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib ki, hakimlərin vəzifələrində irəli çəkilməsi ilə bağlı bir sıra meyarlar müəyyən edilib:

"Bu gün namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı, iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 32 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunur. Onlardan 2 nəfərin Apellyasiya məhkəmələrinin hakimi vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin olunması, 1 nəfərin Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, 21 nəfərin birinci instansiya məhkəmələrindən azad edilərək Apellyasiya məhkəmələrinə hakim təyin edilməsi, 6 nəfərin Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək birinci instansiya məhkəmələrinə hakim təyin edilməsi, 2 nəfərin isə yerinin dəyişdirilərək bir Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək digər Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi təklif olunur".

İclasda çıxış edən komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Nizami Səfərov, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Elşən Musayev, Azay Quliyev, Vüqar İskəndərov, Tahir Kərimli ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıblar, qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda məhkəmələrin işinin müasir dövrün tələblərinə uyğun qurulmasının, onların fəaliyyətində şəffaflıq prinsiplərinə əməl olunmasının, məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyətindən söhbət açılıb. Deputatlar namizədlikləri təqdim olunmuş şəxslərin iş təcrübələri, mənəvi keyfiyyətləri barədə danışıblar.

Sonra komitə sədri Əli Hüseynli çıxış edərək Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin yeni qanunvericilik bazasının əsasında qurulduğunu söyləyib. Bildirilib ki, ölkə Prezidentinin 2019-cu ildə imzaladığı müvafiq Fərmanı ilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının yeni tərkibinin formalaşdırılması bu sahədə fəaliyyətin səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək.

Müzakirələrin sonunda gündəlikdəki yeddi məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi