Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev Azərbaycan və Gürcüstan arasındakı tarixin dərinliklərindən gələn dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərindən söz açıb, Azərbaycanın Gürcüstanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından bəhs edərək bu kontekstdə parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışıb.
Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, eyni coğrafiyanın və ümumi maraqların da birləşdirdiyini deyən Arzu Nağıyev regional sülhün və əməkdaşlığın inkişafı istiqamətdə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında bu gün imzalanacaq əməkdaşlıq haqqında memorandumun əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələrimiz arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışıb. O, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yaranan imkanları bütün platformalarda, o cümlədən mədəniyyət platformalarında dəstəkləməyə hazır olduqlarını bildirib.
Sonra Milli Məclisin deputatları Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, Əziz Ələkbərov, Gürcüstan parlamentinin üzvü Savalan Mirzoev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qeyd ediblər ki, ölkələrimiz arasında əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi dövlət başçılarımız, parlamentlər və digər səviyyələrdə dəstəklənir.
Çıxışçılar ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi, mədəniyyətlərin Cənubi Qafqazda sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə verə biləcəyi töhfələr, bu istiqamətdə səylərin birləşdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər.
Görüşün sonunda Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze “Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi ilə Gürcüstan Parlamentinin Mədəniyyət komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.