Avtomobillərin parklanma müddətinin 48 saata qədər uzadılması barədə layihə I oxunuşda qəbul edilib.
"Report"un xəbərinə görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz və sürücülər nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq saxlanmasına görə inzibati məsuliyyət daşıyırlar. Lakin parklanma yerlərində parklanmanın vaxtı və müddəti əlavə məlumat nişanları vasitəsilə məhdudlaşdırıla bilər.
Qanunun hazırkı variantı isə belədir:
"Bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər".