Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) üzvlərinə, habelə onların yaxın qohumlarına qarşı tələblərin sərtləşdirilməsi təklif edilir.
"Report"un xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin şəxslər tənzimləyici qurumun nəzarət etdiyi subyektlərdə və onlara aidiyyəti olan şəxslərdə birbaşa və ya dolayı yolla mühüm iştirak payına (nizamnamə kapitalının (şərikli kapitalın) 10 və yaxud daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla sahiblik, yaxud iştirakçısı olduqları hüquqi şəxsin qərarlarının qəbul edilməsinə müqavilə əsasında mühüm təsir göstərmə imkanı) malik ola, habelə AMB-nin yaratdığı və yaxud iştirak etdiyi hüquqi şəxslərdə təsisçi və ya iştirakçı ola bilməzlər.
Hazırda qüvvədə olan qanuna əsasən isə AMB-nin İH-nin üzvləri, habelə onların yaxın qohumları yalnız tənzimləyici qurumun və maliyyə bazarlarına nəzarət orqanının nəzarət etdiyi subyektlərdə mühüm iştirak payına malik ola bilməzlər.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.