Sərhədyanı rayonlarda xarici radio və televiziya kanallarının müdaxiləsi problemi qalır - ARAŞDIRMA

Sərhədyanı rayonlarda xarici radio və televiziya kanallarının müdaxiləsi problemi qalır - ARAŞDIRMA Azərbaycan İranla birgə komissiya yaradacaq
Media
24 Avqust , 2018 12:12
Sərhədyanı rayonlarda xarici radio və televiziya kanallarının müdaxiləsi problemi qalır - ARAŞDIRMA
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanın sərhədyanı bölgələrində xarici televiziya və radioların tezliklərinin yerli tezliklərə qarışması probleminin illərdir yazılmasına, müzakirə edilməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb. "Report"un xəbərinə görə, sərhədyanı bölgələrdə yaşayan insanlar xarici televiziyalara baxmaq, əcnəbi radioları dinləmək məcburiyyətində qalır. Baxmayaraq ki, ekspertlər bunun ölkənin informasiya təhlükəsizliynə xələl gətirdiyini deyir.

Azərbaycanın dövlət qurumları da problemin qaldığını etiraf edir. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin baş məsləhətçisi Fikrət Xudatzadə “Report”a açıqlamasında deyib ki, bu, dövlətlərarası münasibətlərlə bağlı məsələdir. F.Xudatzadə qeyd edib ki, sərhədyanı ərazilərdə bunun qarşısını almaq mümkün deyil: “Əgər həmin ərazilərə əlavə ötürücülər quraşdırsaq, o zaman bizim yerli kanallarımıza təsiri olacaq. Ona görə də problemin həll olunması dövlətlərarası müqavilələrlə tənzimlənməlidir. Bu barədə mütəmadi şəkildə müzakirələr aparılır”.

F.Xudatzadə əlavə edib ki, mövcud problem daha çox ölkənin qərb və cənub zonalarında müşahidə olunur: “Bura Ucar, Beyləqan, Bərdə, İmişli, Lənkəran, Astara aiddir. Orada da əsasən İran kanalları göstərir. Daim xarici ölkələrlə müzakirə aparılır ki, ötürücülərin gücünü azaltsınlar. Onlar bizdən hündürdə yerləşdiyinə görə belə olur. Biz də öz tərəfimizdən ötürücülərin gücünün artırılmasını istəyirik, lakin bu, bizə maneçilik törədir. Amma ümumilikdə mövcud məsələ daim nəzarətimizdədir”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, FM yayımlar Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə təmin edilir: "FM diapazonundakı proqramların relyefdən asılı olaraq qonşu ölkələrin müəyyən ərazilərində yayımı normal qəbul olunur. Digər ölkələrin FM radio proqramları ölkəmizdə qəbul olunduğu kimi, müvafiq olaraq, Azərbaycan Respublikası ərazisindən yayımlanan FM diapazonundakı radio proqramlar da qonşu ölkələrin ərazisində qəbul edilir. Buna görə də sərhəd bölgələrində və mərkəzdən uzaq ərazilərdə FM diapazonunda yayımlanan xarici radioları rahatlıqla dinləmək mümkündür.

Bu kimi hallar Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyəsinə əsasən tənzimlənir. Müvafiq sərhədyanı ölkələr arasında koordinasiya protokolları imzalanır ki, həmsərhəd ərazidə yerləşən yayımlar bir-birinə interferensiya təsiri göstərməsin.

Digər diapazonlar kimi, FM radio və TV yayım diapazonu da Dövlət Radiotezliklər İdarəsinin efirə radionəzarət məntəqələri tərəfindən daim nəzarətdə saxlanılır. Bu barədə məlumatlar mütəmadi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və “Teleradio” İB-yə təqdim edilir. Ölkəmizə qarşı əks-təbliğat xarakterli radio proqramları aşkar edildikdə onlara qarşı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin göstərişinə uyğun olaraq “Teleradio” İB tərəfindən müəyyən texniki tədbirlər görülür.

İran İslam Respublikasına səfəri zamanı Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İran rəsmiləri ilə keçirdiyi görüşlərdə sərhədyanı ərazilərdə radio və televiziyaların birgə radiomonitorinqi, yayım kanallarının koordinasiyası, interferensiya hallarının qarşısının alınması məqsədilə tezlik resurslarının koordinasiyası məsələləri müzakirə olunub. Bu sahədə əməkdaşlıq üçün birgə komissiyanın yaradılması qərara alınıb".

Son xəbərlər

Orphus sistemi