Bakı. 28 fevral. REPORT.AZ/ TRT 1 televiziya kanalının Azərbaycan ərazisində sosial paket daxilində yayımı bərpa olunacaq.
TİKA-dan "Report"a verilən məlumata görə, bununla bağlı Türkiyə Baş Nazirliyi yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio, Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi arasında razılıq əldə olunub.
Məlumatda bildirilib ki, 2016-cı ilin noyabr ayından etibarən mərhələli şəkildə Azərbaycan ərazisində analoq TV yayımının dayandırılmasından sonra TRT 1 televiziya kanalı martın 1-dən etibarən öz verilişləri ilə rəqəmli sosial paket daxilində gündəlik 24 saat Azərbaycan tamaşaçısının qarşısına çıxacaq.
Qeyd edək ki, TRT 1 televiziya kanalı 1995-ci ildən etibarən Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış müqavilə əsasında yayımlanırdı.