Report Media Məktəbinin məzunlarına sertifikat təqdim edilib

Report Media Məktəbinin məzunlarına sertifikat təqdim edilib "Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 10-cu qrupunun təlim proqramı yekunlaşıb, məzunlara sertifikat təqdim edilib.
Media
3 İyun , 2022 17:04
Report Media Məktəbinin məzunlarına sertifikat təqdim edilib

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 10-cu qrupunun təlim proqramı yekunlaşıb, məzunlara sertifikat təqdim edilib.

Agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, jurnalistika peşəsinin sirlərini öyrənən, monitorinq və sorğulara qoşulan 9 jurnalistə sertifikat təqdim edilib.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev təlim kursunun məzunlara yararlı olduğuna ümid etdiyini vurğulayıb:

“Bu qrupun çox aktiv olduğunu qeyd etməliyəm. Jurnalist elə də olmalıdır, susan, yerindən tərpənməyən birisi heç zaman bizim peşədə irəli gedə bilməz. Məndə belə bir əminlik var ki, sizdə uğurlu karyera qurmaq işi alınacaq. Sizin aktivliyiniz, mübahisə etmək bacarığınız, fikir yürütməyiniz, heç nədən çəkinməməyiniz çox yaxşıdır. Belə cavanların olmasına çox şadam".

Report Media Məktəbinin rəhbəri, təlimçi İsmayıl Rafiqoğlu qrup üzvlərinin intensiv tempdə çalışdığını deyib:

“Report Media Məktəbinin sayca 10-cu qrupu kifayət qədər məhsuldar fəaliyyəti ilə yadda qaldı. Tədris prosesi boyu tanınmış jurnalist Əsgər Əlioğlu, radio və televiziya aparıcısı Cavid Osmanov, teleaparıcı Azər Süleymanlı, Medianın İnkişafı Agentliyinin (MEDIA) şöbə müdiri, tarixçi, yazıçı-publisist Natiq Məmmədli, korifey yazıçı Seyran Səxavətlə yadda qalan görüşlərimiz olub. AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Telli Pənahqızı və pedaqoji heyəti ilə görüş çox faydalı oldu”.

Təlimçi Report Media Məktəbi ilə bağlı yeni bir filmin də ərsəyə gəldiyini bildirib:

“Report Media Məktəbinin məzunu Sadiq Əliverdibəyli tədris prosesini, 10-cu qrupun da qatıldığı təlimlərin gedişatını əks etdirən filmi hazırlayıb”.

İ.Rafiqoğlu tələbələrin bir sıra tədbir və görüşə də qoşulduğunu qeyd edib:

“Tələbələr hər bir tədbir və görüşdən xəbər hazırlamaq tələbinin öhdəsindən gələ bildilər. Onlar jurnalistlər arasında təşkil edilən mini-futbol üzrə Zəfər Kubokunun oyunlarında “Report”un “Füzuli” komandasının oyununa azarkeşlik etməklə yanaşı oyun sonrası müsahibə almaq, süjet hazırlamaqda özlərini sınadılar, Milli Konservatoriyada keçirilən “Musiqinin rəngi” adlı məruzə-konsertini, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qızıl toy”, “Fransızsayağı qarnir” tamaşalarını jurnalist kimi izlədilər. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “QHT əməkdaşlarının media və PR bacarıqlarının artılırması” layihəsi çərçivəsində ictimai sferada fəaliyyət göstərən gənc fəallar üçün Report Media Məktəbində maraqlı bir master-klass da təşkil olundu”.

Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Media Məktəbin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək Report Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

Son xəbərlər

Orphus sistemi