Medianın İnkişafı Agentliyinin (MEDIA) şöbə müdiri, tarixçi, yazıçı-publisist Natiq Məmmədli Report Media Məktəbinin tələbələri ilə görüşüb.
“Yeni media şəraitində bədii publisistika” mövzusunda çıxış edən yazıçı Azərbaycan dilinin qorunmasının əhəmiyyətini vurğulayıb:
“Hərdən dostlarla görüşəndə, zarafatla “nə yaxşı ki, çinlilər Azərbaycan dilini bilmirlər” ifadəsini işlədirəm. “Körpüdə ümid” romanımın qəhrəmanı deyir ki, “şəxsiyyət millətin öz materialından formalaşmalıdır”. Onu xaricdən ixrac eləmək mümkün deyil. İdmançını, həkimi xaricdən gətirə bilərsiniz, amma Azərbaycan dilində yazan adamı kənardan gətirmək mümkün deyil. Bu, bizim ən üstün mövqeyimizdir”.
N.Məmmədli publisistikanın geniş imkanlarından da danışıb:
“Publisistikanı heç də xəbər jurnalistikasından geri qalmır, onun informasiya yükü gələcəyə hesablanır. Jurnalistin sözü, üslubu, siması məhz bədii publisistikada formalaşır. Publisistik üslub Azərbaycan dilinin ən zəngin üslublarından biridir”.
Natiq Məmmədli 1977-ci ildə Beyləqan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-cı illərin ikinci yarısından jurnalistika sahəsində çalışır. Müxtəlif KİV-də baş redaktorun müavini, baş redaktor və digər vəzifələrdə çalışıb. Mətbuat tarixinə dair araşdırmaların, oçerklərin müəllifidir. Tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalistdir. "Ləyaqət düsturu", "Körpüdə ümid", "Dumana bürünmüş", "Əmanət", "Bekketə salam", "Müqəvva", “Qəhrəmanım səsnsən”, “Sev“ əsərlərinin müəllifidir.