"Report" İnformasiya Agentliyi Baş Prokurorluq tərəfindən mükafata layiq görülüb

"Report" İnformasiya Agentliyi Baş Prokurorluq tərəfindən mükafata layiq görülüb "Report" İnformasiya Agentliyi Respublika Baş Prokurorluğu tərəfindən "Prokurorluğun dostu" mükafatına layiq görülüb.
Media
22 Fevral , 2022 16:27
Report İnformasiya Agentliyi Baş Prokurorluq tərəfindən mükafata layiq görülüb

"Baku Tv" "Report" İnformasiya Agentliyinin Respublika Baş Prokurorluğu tərəfindən "Prokurorluğun dostu" mükafatına layiq görülməsi ilə bağlı keçirilən tədbirdən videoreportaj hazırlayıb.

"Report" həmin videoreportajı təqdim edir:

14.24

"Report" İnformasiya Agentliyi Respublika Baş Prokurorluğu tərəfindən "Prokurorluğun dostu" mükafatına layiq görülüb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 22-də Baş Prokurorluqda prokurorluq orqanları tarixində ilk dəfə olaraq keçirilmiş “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülən media qurumlarının nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin hər bir dövlət təsisatında olduğu kimi prokurorluq orqanlarında da prioritet məsələlər sırasında yer tutduğunu bildirib.

Qeyd olunub ki, dövlət başçısının tövsiyə və göstərişlərinin icrası üzrə prokurorluq orqanlarında aparılan islahatların mühüm istiqamətlərindən biri kadr korpusunun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla  komplektləşdirilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi təşkil edir.

Xüsusi vurğulanıb ki, məhz bu konteksdə həyata keçirilən islahat tədbirləri çərçivəsində prokurorluq orqanlarının ibtidai istintaq, məhkəmələrdə dövlət ittihamının müdafiəsi, məhkəmənin hökm və digər yekun qərarlarının icrası qaydasında icraatda iştirakı üzrə fəaliyyətinin keyfiyyətinin daha da yaxşılaşdırılması və müsbət iş təcrübəsinin yayılması məqsədilə cari ilin yanvar-fevral ayları ərzində ötən ilin yekunlarına əsasən “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələri keçirilib.

Qeyd olunan müsabiqələrin təşkili və keçirilmə qaydası barədə “İlin ən yaxşı müstəntiqi” Müsabiqə komissiyasının sədri - Baş prokurorun birinci müavini Elçin Məmmədov və “İlin ən yaxşı dövlət ittihamçısı” Müsabiqə komissiyasının sədri - Baş prokurorunun müavini Heydər Məmmədov çıxış edərək ətraflı məlumat veriblər. 

Müsabiqələrin nəticələrinə əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Duşdurov Orxan Bəhram oğlu “İlin ən yaxşı müstəntiqi”, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Əliyev Şaiq Allahyar oğlu isə “İlin ən yaxşı dövlət ittihamçısı” seçiliblər.

Baş prokuror tərəfindən müsabiqənin qalibi olan prokurorluq işçilərinə diplom və mükafatlar, həmçinin xidməti vəzifələrinin icrasında fərqlənən bir qrup əməkdaşa həvəsləndirmə qaydasında mükafatlar təqdim edilib.

Bundan başqa, tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Bildirilib ki, ölkəmizdə güclü, müstəqil və obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşdırılması və inkişaf etdirilməsi ilə bağlı dövlət siyasəti uğurla davam etdirilir. 

Prokurorluq orqanları tərəfindən də cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilib.

Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2021-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən “Azərbaycan” qəzeti, “Xəzər” Televiziyası və “Report” İnformasiya Agentliyi “Prokurorluğun dostu” mükafatı ilə təltif olunublar. 

Tədbir zamanı “Prokurorluğun dostu” mükafatı təqdim olunan “Azərbaycan” qəzetinin Baş redaktorunun müavini Raqif Məmmədli, “Xəzər TV” MMC-nin baş direktoru Murad Dadaşov və “Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.

11.01

"Report" İnformasiya Agentliyi Respublika Baş Prokurorluğu tərəfindən "Prokurorluğun dostu" mükafatına layiq görülüb.

"Report"un xəbərinə görə, bu barədə bu gün prokurorluq orqanları ilə sıx əməkdaşlıq edən KİV nümayəndələrinə "Prokurorluğun dostu" mükafatının təltif edilməsi ilə bağlı keçirilən tədbirdə məlumat verilib.

Yaradılan müvafiq komissiya "İlin ən yaxşı müstəntiqi" və "İlin ən yaxşı ittihamçısı" nominasiyaları üzrə qalibləri də müəyyənləşdirib.

Kütləvi İnformasiya Vasitələri arasında "Report" İnformasiya Agentliyi mükafata layiq görülüb. Mükafatı "Report"un direktoru Fuad Hüseynəliyevə Baş Prokuror Kamran Əliyev təqdim edib.

F.Hüseynəliyev Agentliyin fəaliyyətini yüksək qiymətləndirdiklərinə görə, Baş Prokurora dərin təşəkkürünü bildirib:

"Prokurorluq orqanlarının fəaliyyətini sosial şəbəkə üzərindən də izləyə bilirik. Bunlar Baş Prokurorluğun hadisələrə operativ və şəffaf şəkildə yanaşmasını göstərir".

Bildirilib ki, bu cür mükafatlandırılma prokurorluq tarixində ilk dəfə ötən il təsis edilib və bu ənənə davam etdiriləcək.

Tədbir zamanı “Prokurorluğun dostu” mükafatı təqdim olunmuş “Azərbaycan” qəzetinin Baş redaktorunun müavini Raqif Məmmədli, “Xəzər TV” MMC-nin baş direktoru Murad Dadaşov göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi