"Prezidentin radioyayım şəbəkəsi ilə bağlı sərəncamı texniki bazanı möhkəmləndirəcək" - RƏY

"Prezidentin radioyayım şəbəkəsi ilə bağlı sərəncamı texniki bazanı möhkəmləndirəcək" - RƏY "Prezident İlham Əliyevin imzaladığı Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında sərəncam 2015-2016-cı illərdən indiyə qədər televiziya və radionun texniki bazasının möhkəmləndirilməsi üçün atı
Media
26 İyul , 2023 17:49
Prezidentin radioyayım şəbəkəsi ilə bağlı sərəncamı texniki bazanı möhkəmləndirəcək - RƏY

"Prezident İlham Əliyevin imzaladığı Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında sərəncam 2015-2016-cı illərdən indiyə qədər televiziya və radionun texniki bazasının möhkəmləndirilməsi üçün atılan addımların davamıdır".

Bu sözləri "Report"a açıqlamasında tanınmış telejurnalist, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, televiziya və radioyayımının genişləndirilməsinə ciddi ehtiyac olduğu bir vaxtda bu cür sərəncamın imzalanması aktual məsələdir: "Əvvəla, ölkədə televiziya yayımının arealının genişləndirilməsi, radio və televiziya siqnallarının daha uzaq məsafəyə yayılması ölkənin hər yerini əhatə etməsi baxımından çox önəmlidir. Həmçinin əvvəllər mövcud olmuş ötürücü və qəbuledici stansiyaların yenilənməsi üçün müasir texnologiyaya böyük ehtiyac var".

Telejurnalist hazırda Qarabağ İqtisadi Rayonunda və Şərqi Zəngəzurda quruculuq işlərinin aparıldığını xatırladıb. O bildirib ki, bu sərəncamdan irəli gələn vəzifələrdən biri də həmin ərazilərdə televiziya və radio yayımının infrastrukturunun yaradılmasıdır:

"Bakıda fəaliyyət göstərən radio və televiziya kanallarının bir çoxunun yayımladığı verilişlər rayonlara gedib çıxmır. Qarabağ zonasında isə xüsusən müəyyən çətinliklər mövcuddur. Həmin siqnalların uzaq məsafəyə dayanıqlı ötürülməsi üçün belə bir addıma ehtiyac var. İndiyə qədər ölkədə televiziya yayımını yaxşılaşdırmaq, infrastrukturu qurmaq üçün çox işlər görülüb. Azərbaycan Televiziyasının rəqəmsallaşdırılması üçün sərəncam verilib".

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

Q.Məhərrəmli vurğulayıb ki, ümumiyyətlə tele-radionun texniki bazasını möhkəmləndirmək üçün 2015-2016-cı illərdən indiyə qədər ciddi addımlar atılıb və bu da həmin addımlardan biridir: "İnformasiya müharibəsi şəraitində gərək ölkənin ərazisi kənar radiosiqnallardan qorunsun. Şimalda Rusiya dalğaları, cənub zonasında İranın televiziya və radio verilişlərinin siqnalları atır və Bakıya qədər gəlib çıxır. Bəhs olunan problemləri həll etmək üçün bu cür sərəncama ehtiyac var idi. Hesab edirəm ki, vaxtında verilmiş sərəncamdır və əminəm ki, icra strukturları sərəncamın tələblərinin yerinə yetirilməsi üçün lazım olan addımları atacaqlar".

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 24-də Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycanın 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon manat vəsait ayrılıb.

Son xəbərlər

Orphus sistemi