Prezident İlham Əliyev Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncama əsasən, Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycanın 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz min) manat vəsait ayrılıb.
Nazirlər Kabineti göstərilən tədbirlərin icrası ilə əlaqədar növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etməlidir və bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.