Natiq Məmmədli: "Azərbaycan mediasının güclü olması bizə lazımdır, xarici QHT-lərə yox"

Natiq Məmmədli: "Azərbaycan mediasının güclü olması bizə lazımdır, xarici QHT-lərə yox" “Freedom House” təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt bu yaxınlarda “Amerikanın Səsi”nə verdiyi müsahibəsində Azərbaycanda media azadlığının vəziyyətinin problemli olduğunu deyib.
Media
9 May , 2022 17:52
Natiq Məmmədli: Azərbaycan mediasının güclü olması bizə lazımdır, xarici QHT-lərə yox
Natiq Məmmədli

“Freedom House” təşkilatının Avropa və Avrasiya proqramlarının direktoru Mark Behrendt bu yaxınlarda “Amerikanın Səsi”nə verdiyi müsahibəsində Azərbaycanda media azadlığının vəziyyətinin problemli olduğunu deyib.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "Report"a müsahibəsində təşkilat təmsilçisinin fikirlərinin obyektiv olmadığını və “Freedom House”un növbəti dəfə Azərbaycan həqiqətlərini təhrif etdiyini bildirir.

Müsahibəni təqdim edirik:

- “Freedom House” təmsilçisinin Azərbaycanda media azadlığı ilə bağlı səsləndirdiyi iddialarını necə şərh edərdiniz?

- Bu, Azərbaycana münasibətdə ənənəvi tendensiyalı və qərəzli yanaşma olduğundan bizim üçün təəccüblü olmadı. Eyni fikirlər artıq uzun illərdir ölkəmizin ünvanına deyilir, media mühitinin sağlamlaşdırılması istiqamətində atılan addımlar, islahatların müsbət dinamikası nəzərə alınmır. “Freedom House” və eyni missiyanı həyata keçirən oxşar profilli QHT-lər sanki öz sehirli güzgülərində yalnız özlərinin görmək istədikləri dünyaya baxırlar, alternativ fikri eşitmək, əsassız şəkildə ittiham olunan qarşı tərəfi dinləmək, dialoqa getmək onların sadəcə təbiətində yoxdur. Mark Behrendt iddia edir ki, “Media haqqında” Qanun “islahat yox, məhdudlaşdırcı olacaq” və maraqlısı odur ki, onun fikirləri ilə tanış olduqca adama elə gəlir ki, o, ümumiyyətlə qanunu oxumayıb, yalnız onun ətrafında gedən söz-söhbətlər əsasında fikir yürüdür. Təəssüf ki, qanunun müzakirəsi zamanı “oxumamışam, lakin ittiham edirəm” düşüncəsində olanlarla çox rastlaşdıq. Behrendt qanunla tanış olsaydı bilərdi ki, Azərbaycanda heç kim “jurnalistlərin siyahısını tutmaq” kimi absurd prosesə başlamaq niyyətində deyil. Əgər söhbət jurnalistlərin Media Reyestrinə daxil edilməsi və onlara jurnalist vəsiqəsinin verilməsindən gedirsə, bu, tamamilə könüllü xarakter daşıyır. Jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. Reyestrə məlumatları daxil edilməmiş jurnalistlərə münasibətdə hər hansı məhdudlaşdırmanın tətbiqi müzakirə mövzusu belə ola bilməz.

- Behrendt iddia edir ki, xarici media qurumları yenidən qeydiyyatdan keçməyə “məcbur ediləcək”, bu nə dərəcədə doğrudur?

- “Freedom House” təmsilçisi Azərbaycana münasibətdə “Sərhədsiz reportyorlar”ın haqsız mövqeyini təkrarlayır ki, guya “media orqanlarının xaricdən maliyyə almalarının qadağan edilməsi” müstəqil mətbuatın üzünə “məlumat qapılarını bağlayacaq”. Bir daha vurğulamaq istərdik ki, “Media haqqında” Qanun jurnalistlərin “freelancer” qismində və ya digər statusla xarici media subyektləri ilə əməkdaşlıq etməsini və gəlir qazanmasını heç bir halda məhdudlaşdırmır. Digər tərəfdən, cənab Behrendt kimi təcrübəli ekspertin medianın müstəqilliyinin şərti kimi onun xaricdən maliyyələşməsini əsas götürməsi fikri tənqidə dözümsüzdür və sadəcə təəccüb doğurur. Azərbaycanda fəaliyyət göstərən xarici media orqanları nümayəndələrinin yenidən qeydiyyatdan keçməyə “məcbur ediləcəyi” fikri isə “Freedom House”un özünü inandırmağa çalışdığı absurdun davamıdır. Azərbaycanda onlarla xarici media subyektlərinin müxbir və təmsilçiləri öz peşə fəaliyyətlərini sərbəst şəkildə yerinə yetirməyə davam edirlər və onların təkrar qeydiyyatına heç bir ehtiyac yoxdur.

Mark Behrendtin sözügedən müsahibəsində Azərbaycan jurnalistlərini dövlətə qarşı çıxış etməyə həvəsləndirən açıq çağırışların olması başadüşülən deyil. O, hətta bunun üçün “araşdırmaçı jurnalistika layihələrini həyata keçirməyin, təlimlər keçməyin və avadanlıqla təmin etməyin” mümkünlüyündən danışır. Yəni, “Freedom House”un proqramlar direktorunun jurnalistin siyasi və ya digər formada hər hansı mövqe bildirməsinin media etikası ilə ziddiyyət təşkil etməsindən də xəbəri yoxdur? Mark Behrendt iddia edir ki, jurnalist “bilərəkdən hökuməti qəzəbləndirirsə, biz onları qorumalıyıq və onlara fövqəladə maddi yardım göstərməliyik”. Məhz bu yanaşma “Freedom House”un əsl mahiyyətinin göstəricisidir və ifadə azadlığı, ictimai maraqlardan çıxış etməli olan jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Dəfələrlə dövlət suverenliyi və ərazi bütövlüyümüzə hörmətsizlik göstərərək öz reytinq cədvəllərində Qarabağın dağlıq hissəsini “müstəqil ərazi” adlandıraraq “qismən azad ölkələr” kateqoriyasında göstərmiş “Freedom House” Azərbaycan ictimai rəyində öz etibarını çoxdan itirib.

- Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Saidin Azərbaycanda medianın durumu ilə bağlı fikirlərinə münasibətinizi bilmək istərdik.

- Azərbaycan informasiya mühitinin sağlam, beynəlxalq rəqabətə davamlı olması, Azərbaycan mediasının güclü olması bizə lazımdır, “Freedom House” və ya hər hansı başqa xarici QHT-lərə yox. Xanım Gülnoza Said həmfikir olduğu təşkilatların hesabatlarında yer alan iddialara istinad etməklə yanaşı, eyni zamanda, Azərbaycanı təhdid edir. O, açıq şəkildə bəyan edir ki, xarici media qurumlarını Azərbaycanda keçirilən beynəlxalq tədbirləri işıqlandırmamağa səsləyirlər. Bu, müstəqil ölkəyə qarşı təhdidkar davranış deyilmi? Bu, artıq qəbuledilməzdir ki, Jurnalistləri Müdafiə Komitəsi adlı qurum jurnalistlərin informasiya almaq, məlumat toplamaq hüququnu məhdudlaşdırmaq məqsədi ilə çağırış edir.

İsrarla fərqli şəkildə təqdim olunmağa çalışılsa da, xüsusilə vurğulayırıq ki, Azərbaycan Respublikasında heç bir jurnalist, jurnalist fəaliyyəti ilə məşğul olmasına görə və ya peşə fəaliyyətini yerinə yetirməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməyib. Yalnız qanunla qadağan olunan ictimai təhlükəli əməli törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunmuş və qanunla nəzərdə tutulmuş qaydada mühakimə olunmuşlar. Dünyanın bütün hüquqi dövlətlərində olduğu kimi.

Haqlı olaraq belə qənatə gəlirik ki, donorları qarşısında özünü lazımlı göstərmək istəyən bu kimi QHT-lər fikir, söz, ifadə və media azadlığının əsl mahiyyətini təhrif etməklə, bu azadlıqları müxtəlif subyektlərin mənafelərinə xidmət edən şəkildə sui-istifadə edirlər.

Ölkəmizə, onun media mühitinə qarşı sistemli şəkildə qara yaxan qüvvələrin mövqeyi ilə razılaşmırıq və bu nihilizmi qınayırıq.

Son xəbərlər

Orphus sistemi