Moskvada “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual problemləri” mövzusunda dəyirmi masa keçirilir

Moskvada “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual problemləri” mövzusunda dəyirmi masa keçirilir Moskvada “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual problemləri” mövzusunda dəyirmi masa keçirilir.
Media
23 May , 2023 13:43
Moskvada “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual problemləri” mövzusunda dəyirmi masa keçirilir

Moskvada “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual problemləri” mövzusunda dəyirmi masa keçirilir.

“Report”un Moskvaya ezam olunan əməkdaşı xəbər verir ki, Rusiyanın TASS informasiya agentliyində keçirilən tədbirdə Azərbaycanın və Rusiyanın aparıcı KİV rəhbərləri iştirak edirlər.

Dəyirmi masa iştirakçıları tədbirdən qabaq TASS-ın binasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş foto-sərgi və agentliyin fəaliyyəti ilə tanış olublar.

Dəyirmi masa zamanı iştirakçılar Azərbaycan və Rusiya KİV-ləri arasında əməkdaşlığın ən aktual məsələlərini, eləcə də bu sahədə əsas çağırışları müzakirə edəcəklər.

Tədbiri giriş sözü ilə açan TASS-ın baş direktoru Sergey Mixaylov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi ildə belə dəyirmi masanın təşkil olunmasının rəmzi xarakter daşıdığını qeyd edib. Onun sözlərinə görə, təxminən 10 gün əvvəl Moskvada bu əfsanəvi şəxsiyyətə həsr olunmuş 3 sərgi açılıb və onlardan biri TASS-ın binasında təşkil olunub.

“Biz Azərbaycan mediası ilə əməkdaşlığı yüksək qiymətləndiririk və bu əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəyik”, - S.Mixaylov bildirib.

O, TASS-ın Azərbaycanın AZƏRTAC dövlət agentliyi ilə, o cümlədən beynəlxalq media strukturları çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb: “Ümid edirəm ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcək və daha da güclənəcək. Bu gün bizim müzakirə edəcəyimiz bir çox məsələlər var”.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev isə rəhbərlik etdiyi qurumun TASS ilə nümunəvi əməkdaşlığını qeyd edib: “Biz beynəlxalq media strukturları çərçivəsində bir-birimizi dəstəkləyirik”.

Onun sözlərinə görə, yeni reallıqlar, cərəyan edən genişmiqyaslı geosiyasi proseslər əməkdaşlığımızın keyfiyyətinin yüksəldilməsinə yol açır.

Mediada yeni tendensiyaların təsiri ilə dəyişikliklərin baş verdiyini qeyd edən V.Əliyev bildirib ki, sosial şəbəkələrdə dezinformasiya axınının geniş yayıldığı indiki şəraitdə media nəinki qorunub saxlanılmalı, həm də auditoriyasını artırmalıdır.

“Biz bu proseslə ayaqlaşmamalı, onun önündə getməyə çalışmalıyıq”, - o əlavə edib.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev isə bildirib ki, belə tədbirlərin keçirilməsi Azərbaycan və Rusiya mediası arasında əməkdaşlığı daha da gücləndirəcək.

Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər çox rusdilli mətbuat fəaliyyət göstərir və bu seqmentdə Rusiya mediası rus dilində yazanlar üçün keyfiyyət nümunəsi, xəbər jurnalistikasının “lekal”ı rolunu oynayır. 

“Report”un rəhbəri bildirib ki, buna görə də jurnalistlərin mübadiləsi ilə bağlı təkliflər yalnız müsbət qarşılana bilər.

F.Hüseynəliyev dəyirmi masa iştirakçılarına rəhbərlik etdiyi agentliyin fəaliyyəti, həmçinin “Report”un daxil olduğu “Global Media Group” holdinqi haqqında məlumat verib.

“Azərbaycan və Rusiya mediası arasında əməkdaşlıq üçün geniş imkanlar var”, - o vurğulayıb.

O, bir sıra problemləri, xüsusən də Rusiyadakı həmkarlar tərəfindən Qarabağ həqiqətlərinin birtərəfli qaydada işıqlandırılmasını qeyd edib.

F.Hüseynəliyev xatırladıb ki, Qarabağ münaqişəsi artıq başa çatıb və bunu həm Azərbaycan, həm də Ermənistan qəbul edir: “Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması separatçı əhvali-ruhiyyəyə ümid yeri qoymur. Amma bəzi Rusiya kanalları hələ də birtərəfli informasiyaların verildiyi çıxışlar üçün platforma yaradırlar”.

O vurğulayıb ki, Azərbaycan və Rusiya KİV-ləri arasında əməkdaşlıq Bakı ilə Moskva arasında mövcud olan strateji tərəfdaşlıq səviyyəsinə uyğun olmalıdır.

“Moskovski Komsomolets” qəzetinin baş direktoru Pavel Qusevin sözlərinə görə, o, dəfələrlə Bakıya səfər edib və ölkənin inkişafının şahidi olub: “Azərbaycan iqtisadi siyasətini, siyasi yolunu necə quracağını göstərib”.

Son xəbərlər

Orphus sistemi