Fuad Babayev: Jurnalistin əsas aktivi auditoriyasıdır
- 22 dekabr, 2025
- 16:48
Jurnalistin əsas aktivi auditoriyasıdır.
"Report" xəbər verir ki, bu fikri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, 1905.az portalının direktoru, Əməkdar jurnalist Fuad Babayev Report Media Məktəbinin tələbələri ilə görüşü zamanı bildirib.
Fuad Babayev jurnalistikada uğurlu olmağın yollarından danışıb:
"Jurnalistin beyni ilə ürəyi bir nizamda döyünməlidir. Yəni öz işinə ürəkdən vurğun olmalıdır. Sevdiyin işlə məşğul olmaq, sevdiyin insanlarla ünsiyyət qurmaq peşədə uğurlu olmağa təkan verən əsas səbəblərdəndir".
Politoloq Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi haqqında da öz fikirlərini bölüşüb:
"Azərbaycanın bugünkü mövqeyi heç olmadığı qədər güclüdür. Bir çox dairələr isə bizim qələbəmizi həzm edə bilmir. Bu səbəbdən siyasi müstəvidə daha da diqqətli olmalıyıq. Eyni zamanda, Ermənistan tərəfi də dərk edir ki, sülhdən başqa yol yoxdur. Həqiqət bizimlədir".
Fuad Babayev 1971-ci ildə Bakıda anadan olub. 1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. İxtisasca politoloq, sosial-siyasi fənlər müəllimidir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Hazırda AMEA-nın elmlər doktoru hazırlığı üzrə doktorantıdır.
1992-ci ildən jurnalist fəaliyyətinə başlayıb. 1994-cü ildə "Biznes press" qəzetinin baş redaktoru olub. 1997-1999-cu illərdə "SPACE TV"nin Xəbərlər departamentində direktor müavini, 2000-2004-cü illərdə direktor kimi çalışıb. Həmin telekanalda yayımlanan "Hüquq milleniumu" tok-şousunun, "Hər həftə" analitik-informasiya, "Gündəlik" informasiya proqramlarının aparıcısı kimi çalışıb.
2004-cü ildən Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) müxtəlif layihələrinə rəhbərlik edir. 2014-cü ildən 1905.az portalının direktorudur. Azərbaycanın Əməkdar jurnalistidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2025-ci ildə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilib.