Fərqanə Qasımlı: “Mən jurnalistikaya həmin foto ilə gəldim”

Fərqanə Qasımlı: “Mən jurnalistikaya həmin foto ilə gəldim” Report Media Məktəbinin tələbələri ilə görüşə gələn Azərbaycan Fotoqraflar Birliyi İdarə heyətinin təftiş komissiyasının sədri, tanınmış fotojurnalist Fərqanə Qasımlı peşəyə məşhur “Xudafərin körpüsü” fotosu ilə gəldiyini bildirib.
Media
14 Dekabr , 2022 19:39
Fərqanə Qasımlı: “Mən jurnalistikaya həmin foto ilə gəldim”
Fərqanə Qasımlı

Report Media Məktəbinin tələbələri ilə görüşə gələn Azərbaycan Fotoqraflar Birliyi İdarə heyətinin təftiş komissiyasının sədri, tanınmış fotojurnalist Fərqanə Qasımlı peşəyə məşhur “Xudafərin körpüsü” fotosu ilə gəldiyini bildirib.

“İxtisasca müəllim olsam da, fotoqrafiyaya marağım uşaqlıqdan yaranıb. İlk fotoaparatımı 15 yaşımda almışam. Şəkil çəkməyi çox sevdiyimdən onu özümlə hər yerdə gəzdirirdim. 2010-cu il idi, ailəmlə İrana getmişdim. Elə “Xudafərin körpüsü”nün şəklini həmin vaxt o tərəfdən çəkdim. Körpünün arxasında olan dağılmış evləri əks etdirə bilmişdim. Məhz həmin foto ilə jurnalistikaya gəldim və 2010-cu ildə bu foto ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “GoMap” saytının birgə keçirdiyi “Mənim Azərbaycanım” fotomüsabiqəsinin qalibi oldum. 2021-ci ildə həmin yeri artıq azad olunmuş Azərbaycan ərazisindən çəkdim” - fotojurnalist deyib.

Xudafərin körpüsü
Xudafərin körpüsü

F.Qasımlı jurnalistikada fotonun önəmli rol oynadığını qeyd edib:

“Jurnalistikada görüntü çox önəmlidir, buna görə fotojurnalist işini yaxşı görməlidir. Bir-iki şəkil çəkməklə olmur, hər hansı hadisə yerindən gərək xeyli foto çəkəsən ki, nəyisə göstərə biləsən. Xəbəri oxuyan həm də hadisəni gözü ilə görməlidir”.

Fərqanə Qasımlı 1982-ci ildə anadan olub. Fotoya 6 yaşından maraq göstərib. 2013-cü ildə peşəkar fotoqraf kimi çalışmağa başlayıb. Beynəlxalq fotomüsabiqələrin qalibi olaraq bir çox mükafat qazanıb, fəxri adlarla təltif olunub. Əsasən Azərbaycan barədə çəkdiyi fotolar beynəlxalq və yerli kitab-jurnallarda çap edilib. İRS, Azerbaijan Airlines, Experience Azerbaijan jurnalları ilə əməkdaşlıq edib. “Qarabağın Qara Kitabı”, “Daş keşikçiləri”, “Zəfər salnaməsi”, “Gəncə”, “Salam Azərbaycan” kitablarında fotoları yer alıb.

Azərbaycan Fotoqraflar Birliyi (AFB), Avropa Fotoqraflar Federasiyası (FEP), Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası (FİAP), Gürcüstan Fotoqrafları Assosiasiyası (APG) kimi təşkilatların üzvüdür. Azərbaycanda keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran Pri kimi bir çox beynəlxalq tədbirləri işıqlandırıb. Onlarla beynəlxalq foto müsabiqəsinin mükafatçısı və qalibi olub. 2022-ci ildə Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP) sənətçi fəxri adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi