Bakıda Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin birgə təşkil etdiyi jurnalistlər üçün dördgünlük təlim başa çatıb.
“Report” xəbər verir ki, oktyabrın 10-dan 13-dək nüfuzlu “Əl-Cəzirə” telekanalının mütəxəssisi televiziya proqramlarının, materialların hazırlanması, çəkilişlər, ssenarilərin yazılması, o cümlədən mobil cihazlardan və onların tətbiqlərindən istifadə etməklə redaktə və yayım barədə təcrübəsini bölüşüb.
Təlim dörd əsas bölmədə keçirilib: medianın gələcəyi, video jurnalistika, mobil jurnalistika və nyusrum. Dərslər praktiki hissəni də əhatə edib. Bu hissədə jurnalistlər qruplara bölünərək video kontent hazırlayıblar.
Təlimin sonunda iştirakçılara sertifikat verilib.
Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva bildirib ki, təlim proqramı media sahəsində yeni tendensiyanın, yüksək keyfiyyətli kontentin yaranmasına, jurnalistlərin peşəkar inkişafına, xarici təcrübəyə əsaslanan nəzəri biliklərin genişləndirilməsinə və onların yerli mediada tətbiqinə töhfə verəcək.
“Əl-Cəzirə Media Şəbəkəsi”nin icraçı direktoru vəzifəsini icra edən Mostefa Suaq isə deyib ki, “Əl-Cəzirə” dünyada əsl media məktəbinə çevrilib və kanalın mütəxəssisləri müxtəlif ölkələrdən olan həmkarlarının peşəkar inkişafına töhfə vermək üçün təcrübələrini bölüşməyə hazırdır.