Lənkəranda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Regional Medianın İnkişafı” layihəsi çərçivəsində media nümayəndələri ilə görüş keçirilib.
“Report”un cənub bürosunun məlumatına görə, görüşdə cənub regionunda fəaliyyət göstərən media nümayəndələri ilə müzakirələr aparılıb.
Qeyd olunub ki, Audiovizual Şura və UNEC Tədqiqat Fondunun da təmsil olunduğu görüşün məqsədi regionlarda fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platforması yaratmaq, həmçinin media subyektlərinin dayanıqlı fəaliyyət mexanizmini formalaşdırmaq, kadr potensialının gücləndirilməsinə töhfə vermək və media nümayəndələrinin fərdi və peşəkar inkişafını dəstəkləmək məqsədilə cari ehtiyaclara əsaslanan inkişaf proqramlarının hazırlanmasını təmin etməkdir.
Görüşdən əvvəl Medianın İnkişafı Agentliyinin nümayəndələri və tədbir iştirakçıları tərəfindən Lənkəranda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, onun xatirəsi dərin ehtiramla yad olunub.
Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib ki, region mediası, onun ümumi vəziyyəti, mümkün inkişaf perspektivləri daim Agentliyin diqqət mərkəzindədir və cənub bölgəsində fəaliyyət göstərən media subyektlərinin nümayəndələri və jurnalistlərin iştirakı ilə keçirilən cari görüş son nəticədə müəyyən edilən istiqamətlər əsasında müzakirələrin aparılması və diaqnostik icmalın hazırlanması yolu ilə inkişaf proqramlarının tərtibinə yönəlmişdir.
Daha sonra Audiovizual Şuranın üzvü Bəxtiyar Balakişiyev çıxış edərək region mediasında yeniliklərin tətbiqi məqsədilə atılan addımların ümumilikdə ölkə mediasının inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Görüşdə Agentliyin nümayəndəsi Pərvanə İbrahimovanın moderatorluğu ilə region mediasına dair diaqnostik icmalın hazırlanması məqsədilə mövcud media sisteminin xüsusiyyətlərinin və cari ehtiyacların müəyyənləşdirilməsi üçün müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb.
Bununla yanaşı, layihə çərçivəsində Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərovanın təqdimatında 60-a yaxın region gəncinin iştirakı ilə “Media savadlılığı” mövzusunda təlim baş tutub.