Türkiyə, Ankara. 11iyul.
"Report"un xəbərinə görə, Türkiyə hökumətinin dəvəti ilə baş tutan səfərin məqsədi 2016-cı ilin 15 iyulunda baş verən dövlət çevrilişinə cəhdlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Səfər çərçivəsində jurnalistlər əvvəlcə 15 iyul hadisələrini əks etdirən fotosərginin açılışında iştirak ediblər. Sərgidə çıxış edən Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib ki, 15 iyul gecəsi şəhid və qazilərin fədakarlığı müqayisə olunmazdır.
Nazir bildirib ki, onlar böyük fədakarlıq göstəriblər və bu, asan məsələ deyil: "Millət olmaq asan deyil. Həmin gecə mübarizə aparanlar demokratiyaya töhfə veriblər. Bu, bir millətin sınağıdır. Biz demokratiya uğrunda mübarizə aparan xalqıq. 15 iyulda bu millət böyük qəhrəmanlıq göstərdi. Bizi zəiflətməyə çalışırlar. Elə bir millətik ki, bu cür hadisədən sonra da ayaqda dura bilirik. Elə bildilər zəifləyəcəyik, amma yanıldılar. Şükürlər olsun ki, həmin qüvvələr istəklərinə nail ola bilmədilər. Biz bu cür hadisəni dünyanın heç bir ölkəsinə rəva bilmirik. Kim olursa-olsun, bu cür əməlləri törədənlər cavab verəcəklər. Mən bu millətin bir parçası olduğumdan qürur duyuram".
Nazir qeyd edib ki, Türkiyə hədəflərinə doğru addımlayır: "Burada əsas rol Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan üzərindədir. 15 iyul hadisəsinin qarşısı onun qətiyyəti ilə alındı. Bir daha qeyd edirəm, türk milləti cəsur millətdir".
Sonda nazir azərbaycanlı jurnalistlərlə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Türkiyə hökumətinin dəvəti ilə xarici media nümayəndələri bu ölkədə səfərdədir.