Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Ümumi yaddaş: Böyük qələbənin 80 illiyi" mövzusunda beynəlxalq forum keçirilib.
"Report" xəbər verir ki, "Mekan" Türkmən Mədəniyyət Mərkəzinin təşkilatçılığı, "Yorth World Festival" təşkilatının dəstəyi ilə keçirilən beynəlxalq forumda Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Belarusiya, Qırğızıstan, Tacikistandan olan media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Forumda Azərbaycanı "Azxeber Media"nın direktoru, Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin (GSİİYİB) sədri Əfsələddin Ağalarov və "Safavy" online təhsil platformasının rəhbəri, təhsil mütəxəssisi Könül Quliyevə təmsil edib.
"Böyük Vətən Müharibəsi Azərbaycan mətbuatının gözündə" mövzulu təqdimatla çıxış edən GSİİYİB sədri Əfsələddin Ağalarov Azərbaycanda müharibə qəhrəmanlarının xatirəsinin daima yad edildiyini, bu mövzuda ölkə mediasının geniş məlumatlar yayımladığını bildirib.
Sədr Prezident İlham Əliyevin sərəncam və göstərişləri ilə müharibə veteranlarının sosial təminatlarının hər il mütəmadi olaraq yaxşılaşdırıldığını, onlara ödənişsiz xidmətlər göstərildiyini əlavə edib.
İki gün davam edən tədbirdə çıxışçılar təmsil etdikləri ölkələrdə böyük qələbənin izləri ilə bağlı geniş tərkibli məlumatları, elmi məqalələri, araşdırma materiallarını təqdim ediblər.
Sonda hər ölkənin mədəniyyət nümayəndələrinin iştirakı ilə konsert proqramı nümayiş olunub.
Qeyd edək ki, bu il Böyük Vətən Müharibəsindəki qələbənin 80 illik yubileyidir. Bu münasibətlə Rusiya başda olmaqla keçmiş MDB ölkələrinin bir çoxunda yubiley tədbirləri həyata keçiriləcək.