Əsl savaş informasiya sahəsində baş verir.
“Report” xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir Report Media Məktəbinin tələbələri ilə görüşdə deyib.
A.C.İşbilir beynəlxalq müstəvidə mübarizənin dezinformasiyanın yayılması ilə baş verdiyini deyib: “İnternet mühitində külli miqdarda dezinformasiya davamlı olaraq yayılır. Dezinformasiya ilə mübarizə medianın ən önəmli işidir”.
Müşavir Türkiyə-Azərbaycan münasibətlərinə, qarşılıqlı media əlaqələrinə də toxunub: “Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir, tam bir ittifaq halında çalışırıq. “Bir millət, iki dövlət” şüarından da o tərəfə keçmişik. Şuşa bəyannaməsi ilə sıx münasibət qurulub.
Türkiyə və Azərbaycan mediası öncə doğru, faktlara əsaslanan xəbər istehsal etməlidir. İnformasiya cəbhəsində uğur qazanmağın tək yolu budur. Türk dünyasının səsinin eşidilməsi üçün gənc jurnalistlərin peşəkarlığının artırılması, güclənməsi tələb olunur”.
C.İşbilir peşəkar jurnalist kimi yetişmək üçün bir neçə tövsiyə də verib: “Dil, coğrafiya, siyasətdən anlayışı olan, sözlə oynamağı bacaran və ən əsası köklərinə, vətəninə bağlı bir jurnalist olmaq lazımdır. Yəni geosiyasəti bilmək yerin altını və üstünü bilmək deməkdir. Eləsi var çox bilir, amma vətəninə bağlı deyil. Bu amil onu istifadə obyektinə çevirir”.
Qeyd edək ki, Alptekin Cihangir İşbilir 1975-ci ildə Kahramanmaraşda anadan olub. Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin Beynəlxalq Əlaqələr bölməsini bitirib. Daha sonra magistr və doktorluq elmi dərəcələrini alıb. A.C.İşbilir 20 ilə yaxın Türkiyənin bir çox qəzet və jurnallarında fəaliyyət göstərib. Bir müddət Anadolu Agentliyinin Xəbər Akademiyasının direktoru vəzifəsində çalışıb.
2024-cü il aprelin 19-da Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri vəzifəsinə təyin edilib. İngilis və ərəb dillərini bilir, evlidir, iki övladı var.