Yuxarı

Salyan sakinləri nazirdən Əli bəy Hüseynzadənin şəxsi əşyalarının rayona gətirilməsini istəyiblər

Salyan sakinləri nazirdən Əli bəy Hüseynzadənin şəxsi əşyalarının rayona gətirilməsini istəyiblər
Nazir Biləsuvarda vətəndaşları qəbul edib
© Report

Bakı. 20 oktyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 20-də Biləsuvarda vətəndaşları qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edib.

Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı olub.

Qəbula yazılan Biləsuvar sakinləri rayonda "Ailə kitabxanası" layihəsinə əlavə dəstək verilməsi, milli xalçaçılığın Cənub qrupunun tədqiq edilməsi, təbiət qoruqlarına gələn turistlərin statistikasının aparılması, rayonda turizm layihələri ilə bağlı biznes planının hazırlanmasına köməklik göstərilməsi, eləcə də işlə təmin olunma barədə xahişlərini diqqətə çatdırıblar.

Salyandan qəbula gələn vətəndaşların müraciətləri Əli bəy Hüseynzadənin şəxsi əşyalarının rayonun Tarix-diyarşünaslıq muzeyinə verilməsi, regionda fəaliyyət göstərən yazıçı və şairlərin əsərlərinin çapına dəstək göstərilməsi barədə olub. Həmçinin Nazirliyin "Mobil kitabxana" proqramının İOS əməliyyat sistemi əsasında çalışan telefonlarda tətbiqinin yaradılması xahiş edilib.

Neftçala sakinləri rayon iqtisadiyyatını və tarixini əks etdirən eksponatların region muzeylərində sərgilənməsi, rəsm qalereyasının əsas fondunda olan əsərlərin mübadilə mexanizminin təkmilləşdirilməsi, musiqi məktəblərinin Azərbaycanın müasir bəstəkarlarının əsərlərindən ibarət dərs vəsaitləri ilə təmin edilməsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Cəbrayıl rayonundan məcburi köçkünlərin xahişləri isə Bakı şəhərində təmir olunan musiqi məktəblərinin inventar və avadanlıqlarının rayon məktəblərinə verilməsi, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi idarə tərəfindən rayonun Cocuq Mərcanlı kəndində keçiriləcək konsertdə respublika incəsənət ustalarının iştirakına və tədbirin televiziya kanalları vasitəsilə işıqlandırılmasına köməklik göstərilməsi barədə olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi