Yaxın vaxtlarda 50-dək tarixi abidənin bərpa və konservasiyası nəzərdə tutulur

Yaxın vaxtlarda 50-dək tarixi abidənin bərpa və konservasiyası nəzərdə tutulur Əbülfəs Qarayev Xırdalanda vətəndaşları qəbul edib
Mədəniyyət siyasəti
6 Noyabr , 2015 15:52
Yaxın vaxtlarda 50-dək tarixi abidənin bərpa və konservasiyası nəzərdə tutulur

Bakı. 6 noyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 6-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Sumqayıt sakinlərinin müraciətlərində şəhərdə yeniyetmələrin vokal müsabiqəsinin təşkili, xarici ölkələrdə keçirilən festivallarda bədii özfəaliyyət kollektivlərinin iştirakının təmin edilməsi, ölkənin mədəni irsi haqqında kitabın hazırlanması, Sumqayıtda turizmin inkişafına dair təkliflər əks olunub.

Abşeron rayonundan qəbula gələn vətəndaşlar Masazır kəndində köhnə bələdiyyə binasının mədəniyyət müəssisəsi kimi uyğunlaşdırılması, uzun müddət bu sahədə çalışan mədəniyyət işçilərinin mükafatlandırılması, özfəaliyyət kollektivləri haqqında "Mədəniyyət" kanalında verilişlərin hazırlanması, Azərbaycan xalçalarının təbliği ilə bağlı xahiş və təkliflərini səsləndiriblər.

Xızı sakinlərinin müraciətləri rayondakı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yeni binaya köçürülməsi ilə əlaqədar mövcud fondun zənginləşdirilməsi, Sitalçay kəndi yaxınlığındakı "Xanagah" qədim yaşayış yerində tədqiqat işlərinin aparılmasına köməklik göstərilməsi barədə olub.

Şuşa, Zəngilan və Qubadlı rayonlarından məcburi köçkünlər də qəbulda müxtəlif məsələləri qaldırıblar.

Şuşa rayon Mədəniyyət evinin istedadlı muğam ifaçılarının və rəqs qruplarının nazirliyin keçirdiyi tədbirlərdə iştirakı, yeni təmir olunmuş uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi barədə müraciətlər edilib.

Zəngilandan məcburi köçkünlərin məskunlaşdığı Sabirabad rayonu Şəhriyar kəndində bərpa olunmuş kitabxananın fondunun zənginləşdirilməsinə köməklik göstərilməsi xahiş edilib. Qubadlı sakinlərinin müraciətləri isə məskunlaşdıqları Sumqayıt şəhəri ərazisindəki hərbi hissələrdə səyyar kitabxanaların təşkili barədə olub. Bundan əlavə, bir sıra sosial məsələlər, işlə təminatla bağlı xahişlər də diqqətə çatdırılıb.

Qəbula gələn vətəndaşları dinləyən nazir ayrı-ayrı məsələlərlə bağlı əlaqədar şəxslərə tapşırıqlar verib.

Nazir tarixi abidələrin qorunması və bərpası məsələlərinə vətəndaşların maraq göstərməsini xüsusilə təqdir edib. O bildirib ki, dövlət başçısının fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında yaradılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu sahədə layihələr həyata keçirəcək. Yaxın vaxtlarda 50-dək tarixi abidənin bərpa və konservasiyası nəzərdə tutulur.

Nazir ölkənin turizm imkanlarının təbliği və inkişaf etdirilməsi istiqamətində müraciətlərin də nəzərdən keçiriləcəyini, qəbulda səsləndirilən bütün faydalı təkliflərin həyata keçməsi üçün müvafiq addımların atılacağını deyib.

Son xəbərlər

Orphus sistemi