Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində imzalanan yeni sazişin detalları açıqlanıb.
Mədəniyyət Nazirliyindən “Report”a bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri zamanı noyabrın 13-də Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb.
Sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar.
Sənəddə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təbliğatın təşviqi, qarşılıqlı mədəniyyət günlərinin, müxtəlif mədəni tədbirlərin keçirilməsi, ədəbiyyat, təsviri və tətbiqi incəsənət, musiqi, film festivalları, müsabiqə və konfranslarda iştirakla bağlı müddəalar yer alıb. Sazişdə qeyri-maddi mədəni irs, eləcə də iki ölkənin muzey və kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də öz əksini tapıb.
İmzalanma mərasimindən sonra iki ölkənin nazirləri media nümayəndələri qarşısında çıxış ediblər.
Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Adil Kərimli sazişin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, sənəd ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə hüquqi bazanın genişləndirilməsini nəzərdə tutur.
Nazirin çıxışında vurğulanıb ki, Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin qardaş ölkədə daha geniş təbliği məqsədilə Türkiyədəki səfirliyimizin tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəz iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verəcək.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin əhəmiyyətini qeyd edib. Bildirilib ki, sənəd qardaş ölkələrimizin möhkəm təməllər üzərində inkişaf edən mədəni əlaqələrində yeni səhifə açacaq.
Bu gün Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
“Report”un Türkiyə bürosunun məlumatına görə, bu barədə sənəd Türkiyə-Azərbaycan müştərək komissiyasının 3-cü toplantısına dair iclasda imzalanıb.
Saziş mədəni miras, kino, teatr, incəsənət, muzey, kitabxanaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə əlaqədardır.
Müştərək komissiyanın iclasında, həmçinin, maddi-mənəvi irsin mühafizə edilməsi, bərpası sahəsində, eləcə də kino, teatr, incəsənət, muzey, kitab sənayesi, mədəniyyət və yaradıcılıq sahələrində ortaq əməkdaşlığın təbliği və dəstəklənməsi məqsədi ilə təcrübə mübadiləsi, texniki və mütəxəssis dəstəyini təmin etmək məsələləri müzakirə olunub.
Qeyd edək ki, Adil Kərimli Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı Baş Qərargahında təşkil olunan “Şuşa rəssamları” sərgisində də iştirak edəcək.
Eyni zamanda, “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq.
Noyabrın 14-də isə Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.