Rusiyanın xalq artisti Bakıda konsert verəcək

Rusiyanın xalq artisti Bakıda konsert verəcək Rusiyanın Mədəniyyət Nazirliyi və Azərbaycanın Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə oktyabrın 11-i saat 19:00-da Heydər Əliyev Sarayında dünya şöhrətli “Beryozka” Akademik Rəqs Ansamblının, oktyabrın 13-ü saat 19:00-da isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiyanın Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsertlər keçiriləcək.
Mədəniyyət siyasəti
2 Oktyabr , 2019 11:50
Rusiyanın xalq artisti Bakıda konsert verəcək

Rusiyanın Mədəniyyət Nazirliyi və Azərbaycanın Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə oktyabrın 11-i saat 19:00-da Heydər Əliyev Sarayında dünya şöhrətli “Beryozka” Akademik Rəqs Ansamblının, oktyabrın 13-ü saat 19:00-da isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiyanın Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsertlər keçiriləcək.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, görkəmli pianoçu, Moskva Dövlət Filarmoniyasının solisti, Beynəlxalq müsabiqələr laureatı Nikolay Luqanski Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Sergey Prokofyevin 2 saylı fortepiano konsertini ifa edəcək.

Tədbirlər Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə dəstəyi və “РОСКОНЦЕРТ” musiqili və festival proqramlarının federal direktorluğunun təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, ötən il 70 illik yubileyini qeyd edən və bu illər ərzində bütün dünyanı gəzən “Beryozka” Akademik Rəqs Ansamblı klassik slavyan rəqs mədəniyyətinin etalonu hesab olunur.

Xatırladaq ki, 1994-cü ildən etibarən Rusiya və Azərbaycan arasında qarşılıqlı mübadilə proqramı çərçivəsində həm Moskvada, həm də Bakıda keçirilən Mədəniyyət Günləri, müxtəlif konsertlər, festivallar, yubiley gecələri, sərgilərdə hər iki ölkənin musiqisi, teatrı, xoreoqrafiyası və təsviri sənət nümunələri nümayiş olunur. Bu illər ərzində Bakıda məşhur musiqiçi və kollektivlər – “Kreml baleti”, “Brass-kvinteti”, Yuri Temirkanov, Maksim Vengerov, Sergey Doqadin, Filip Kopaçevski, Valeri Xlebnikov, Dmitri Xoxlov və başqaları çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi