P.İ.Çaykoski adına Moskva Dövlət Konservatoriyasında görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin adını daşıyan beynəlxalq onlayn müsabiqə laureatlarının qala-konserti keçirilib.
“Report”un Rusiya bürosu xəbər verir ki, müsabiqədə Azərbaycan, Rusiya, Belarus və İtaliya da daxil olmaqla, 10 ölkədən 150 iştirakçı iştirak edib.
Qala-konsertdə 21-ci əsr klassiklərinin, sovet və müasir bəstəkarların əsərləri ifa edilib.
Münsiflər heyətinə Moskva Konservatoriyasının kafedra müdiri, professor Mixail Dubov (sədr), Moskva Konservatoriyasının müasir musiqi kafedrasının müdiri, professor Marianna Vısotskaya, Moskva Konservatoriyasının professoru, Azərbaycanın xalq artisti Fərəc Qarayev və Qara Qarayev adına Moskva Uşaq Musiqi Məktəbinin direktor müavini Tatyana Qalçinova daxil olub.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev səfir Polad Bülbüloğlunun adından salamlarını çatdırıb, müsabiqə iştirakçılarını və qaliblərini təbrik edib.
Diplomat, həmçinin müsabiqənin bir neçə iştirakçısını səfirlik tərəfindən təsis edilmiş “Qara Qarayevin əsərlərinin ən yaxşı ifasına görə” xüsusi mükafatı ilə təltif edib. Azərbaycan ilə Rusiya arasında yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə Qara Qarayev adına Uşaq Musiqi Məktəbi, eləcə də bu təhsil ocağının direktoru Andrey Leonov səfirliyin Fəxri Fərmanları ilə təltif edilib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə də müsabiqənin təşkilatçılarına təşəkkür edib və Azərbaycanda müasir bəstəkarlıq məktəbinin formalaşmasında Qara Qarayevin böyük rolundan danışıb.
Münsiflər heyətinin üzvü, bəstəkarın oğlu Fərəc Qarayev qeyd edib ki, müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan musiqiçilərin iştirak etdiyi belə müsabiqələr yaradıcı gəncləri birləşdirir. O, həmçinin əlavə edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev gənclərin mədəni təhsilinə xüsusi önəm verirdi və Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərini daha da möhkəmləndirən məhz mədəniyyət sahəsindəki əlaqələrdir.