Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında məktəblilər üçün “Qızıl toxum”adlı macəra tamaşası nümayiş etdirilib.
“Report” xəbər verir ki, səhnə əsəri Bakı Avropa Liseyi və Huma Quşu Təhsilə Yardım Fondunun “Bakı Avropa Liseyi şagirdlərinin təhsilə yardımı” birgə layihəsi çərçivəsində baş tutub.
Tamaşadan əvvəl Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova çıxış edərək liseyin keçmiş məzunu, Beynəlxalq Qızıl Xaç Komitəsinin Kolumbiyadakı missiyasında çalışdığı zaman faciəli surətdə həlak olmuş Humay Quliyeva haqqında danışıb və onun liseydə təhsil aldığı illərdə necə gözəl mənəvi keyfiyyətlərə, vətənpərvərlik xüsusiyyətlərinə malik olmasından bəhs edib.
Daha sonra Bakı Avropa Liseyinin istedadlı şagirdlərinin ifasında tamaşa nümayiş etdirilib. Macəra janrında, Novruz bayramı mövzusundakı musiqili dram tamaşası baş qəhrəmanlar Badam, Nərgiz, Qara Toyuq və Əncirin dünyanı zülmət Qaranlıqdan xilas etmək üçün Qızıl Toxumun axtarışına çıxması ilə başlayır. Onlar gizli xəzinəni axtararkən Su, Od, Hava və Torpaq Pərilərini ziyarət edir, səyahət boyu Qaranlığın xidmətçiləri və onların əlaltıları ilə mübarizə şəraitində çətin maneələri dəf edirlər. Səyahətin sonunda hər bir Pəri qəhrəmanlara həlledici anda lazım olacaq simvolik bir əşya hədiyyə edir. Su Pərisi onlara su ilə dolu qab, Od Pərisi çıraq, Hava Pərisi “küləyin nəfəsi” ilə doldurulmuş tulum, Torpaq Pərisi isə içərisində bir ovuc torpaq olan boxça verir. Qəhrəmanlar Unudulma Meşəsi və İnamsızlıq Körpüsündə Şübhə Qayası, Qorxu Vadisi, Ümidsizlik Düzənliyi kimi maneələrə qarşılaşır, bütün çətinlikləri uğurla dəf edir, hətta bu zaman özlərinə bir neçə dost da tapırlar. Qəhrəmanlara yardım göstərən Pərilər Novruz bayramından əvvəlki Çərşənbələrin metaforik obrazlarıdır. Tamaşanın əsas ideya yükü kimi çıxış edən Qızıl Toxumlar isə bayram də dirilik rəmzi Səmənini simvolizə edir.
Hekayənin sonunda qəhrəmanlar türk mifologiyasında tez-tez rast gəldiyimiz Gözəgörünməz Dağa qalib gəlib Qızıl Yumurtanın yerləşdiyi Güzgü gölünün ortasına düşürlər. Qızıl Toxum isə mifik Huma Quşunun məhz bu yumurtasının içindədir...
“Böyüklər üçün uşaq nağılı” şüarı ilə nümayiş olunan 110 dəqiqə xronometraja malik tamaşada yumor, fəlsəfə və mifik obrazların dili ilə cəmiyyətin nöqsanları tənqid olunur. Bununla yanaşı, tamaşada verilən əsas mesajlardan biri də gələcəyin etibarlı əllərdə olmasıdır. Tamaşa üçün bəstəkar Tural Məmmədli tərəfindən 7 orijinal mahnı və saundtrek bəstələnib. Qeyd edək ki, bu, Bakı Avropa Liseyinin şagirdləri böyük maraqla qarşılanan “Qızıl toxum” tamaşası ilə bu cür xeyriyyə aksiyasında ilk iştirak etmişlər. Gələcəkdə bu tipli xeyriyyə aksiyalarının bir ənənəyə çevrilməsi nəzərdə tutulur.
Tamaşadan sonra H.Quliyevanın yaxın rəfiqəsi və keçmiş sinif yoldaşı, Huma Quşu Fondunun üzvü, gənc rəssam Günel Hüseynzadə çıxış edərək Humayın şəxsi keyfiyyətləri, lisey illərində onunla səmimi dostluğu haqqında xatirələrini bölüşüb, Humayın adını yaşatmaq, xeyirxah əməllərini davam etdirmək məqsədi ilə yaradılan Huma Quşu Təhsilə Yardım Fondu haqqında ətraflı məlumat verib. O, eyni zamanda Fondun adından Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, eləcə də tamaşanın aktyorları olan lisey şagirdlərinə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, “Qızıl Toxum” tamaşası üzləşdikləri maddi çətinliklərə baxmayaraq, maneələri uğurla dəf edib yüksək göstəricilərə çatan və təhsilini davam etdirmək istəyən cəsur gənclərə dəstək məqsədi daşıyır və tamaşadan əldə olunan vəsait bu işə sərf olunacaq.